altun.az

Yaxamızı rüşvətdən necə xilas edək? – Novruzəliyeva Ülkər KÖŞƏ

27-05-2018, 18:33

Yaxamızı rüşvətdən necə xilas edək? – Novruzəliyeva Ülkər KÖŞƏ


Cəmiyyətimizdə dərin kök atmış bir sıra neqativlər var ki, bunlardan da ən ən təhlükəlisi korrupsiya və rüşvətxorluq bəlasıdır. Son vaxtlar bu bəlanın aradan qaldırılması istiqamətində müəyyən inzibati tədbirlər görülməsinə baxmayaraq problemin köklü şəkildə həll edilməsi tam ciddiliyi ilə gündəmdə qalmaqdadır. Anlaşılan odur ki, antidemokratik şəraitdə antikorrupsiya tədbirləri absurd məslədir.

İdarə etmə mexanizminin əsasları korrupsiya və rüşvət üzərində qurulubsa, Azərbaycanda reallaşan beynəlxalq iqtisadi layihələrdən tutmuş kadr təyinatlarına qədər bütün fəaliyyət sahələrində bu neqativlərin elementləri özünə münbit yer tapıbsa, onda asanlıqla korrupsiya və rüşvətxorluğun aradan qalxmasına ümid bəsləyənlərin işi daha da çətinləşir.

Axı, canı, qanı rüşvət və korrupsiyadan yoğurulan rejim daşıyıcıların bir gecənin içində dönüb mələk olmasına və bütün istəklərindən, bir imza atmaqla, bir dövləti icazə sənədi verməklə ona milyonlar gətirən gəlir mənbəyindən asanlıqla imtina etməsinə necə inanmaq olar?

Şəffaflığın, ictimai ayıqlığın, hesabatlılığın, dövlət mənsublarının gəlirləri üzərində nəzarətin olmadığı, tək partiyalılığın, monopolizmin, sərt idarə etmənin, ayır-buyur siyasətinin hökm sürdüyü və bütün bu neqativlərin korrupsiya üçün əsaslı zəmin yaratdığı bir şəraitdə bir inzibati göstərişlə korrupsiya və rüşvətxorluğun aradan qalxa biləcəyinə inanmaq, əlbəttə, sadəlövhlükdən başqa bir şey deyil.

Bəlli məsələdir ki, hüquqi sistem konstitusion əsaslar üzrə qurulmadan, ölkədə hökm sürən özbaşınalıq və dərəbəylik üsuluna son qoymadan, əsaslı siyasi islahatlar aparmadan, ölkənin idarə etmə sistemində demokratik dəyişikliklərə başlamadan cəmiyyəti korrupsiya və rüşvətxorluq bəlasından xilas etmək mümkün deyil.
Kütləvi informasiya vasitələri hakimiyyətin iltifatına qısılmasın və öz fəaliyyətində sərbəst olsun. İctimai məzəmmətin çəkisi o dərəcədə artırılsın ki, korrupsioner və rüşvətxor dövlətin ona tətbiq edəcəyi inzibati cəzadan daha çox mətbuatda dillərə düşməsindən, xalq içində biabır olmasından qorxsun.

Faktiki tək partiyalılıq bütün siyasi partiyaların siyasi rəqabət meydanı ilə əvəzlənsin. Mənbəyi xalqa söykənən hakimiyyət xalqa zidd siyasət yeritməsin. Yalnız bir qrupun deyil, bütün vətəndaşların dövlətin siyasi həyatında iştirakına təminat yaradılsın. Monoloqdan dialoqa, qarşıdurmadan qarşılıqlı anlaşmaya və bir araya gəlməyə doğru addımlar atılsın.

Müxalif düşüncə, təşəbbüskarlıq düşməncəsinə qarşılanmasın. Partiyalar dövlət büdcəsindən maliyyələşsin və onların fəaliyyəti üzərində şəffaflıq təmin edilsin. Dövlətin vəsaiti təkcə rejimin əzəmətini əks etdirən tikililərə deyil, demokratik cəmiyyət vətəndaşlarının çalışdığı elm və istehsalat sahələrinə, sənayenin və aqrar sahənin inkişafına yönəldilsin. İş adamlarını dizdən salan soyğunçu vergi və gömrük siyasəti bazar iqtisadiyyatının inkişafına stimul verən əsl fəaliyyət sahəsinə çevrilsin.

Sosial ədalət prinsipi gözlənilsin. Milli sərvətlər ədalətlə bölünsün. Müəllimlərin, həkimlərin və cəmiyyətin balansının qorunmasında əsas rol oynayan orta təbəqəyə aid digər peşə sahiblərinin əmək haqqı gündəlik tələbata cavab versin. Sıravi işçidən tutmuş nazirə qədər hər kəs yüksək maaşla təmin edilsin. Neft və digər strateji məhsulların satışından əldə edilən gəlirlər hesabına yeni iş yerləri açılsın və əhalinin sosial təminatı gücləndirilsin. İnsanların fəaliyyəti üzərində tətbiq edilən sərt dövləti nəzarət qarşılıqlı anlaşmaya xidmət edən ictimai nəzarətlə əvəzlənsin. Bütün bunlara əməl etmədən korrupsiyanın aradan qaldırılmasına inananlar ciddi yanılacaq.

Tələblə təminat, verilən hüquqlarla vətəndaşın yerinə yetirəsi vəzifələr nə qədər uyğun gələcəksə, dövlət öz vətəndaşına istismar obyekti kimi deyil, əsl insan kimi yanaşacaqsa, qanunu aliliyi nə qədər gözləniləcəksə, sosial ədalət prinsipinə nə qədər əməl ediləcəksə, dövlətin yeritdiyi daxili və xarici siyasətin mahiyyəti nə qədər vətəndaşa aydın olacaqsa cəmiyyət onu içdən dağıdan korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə bir o qədər fəal iştirak edəcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 335 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com