altun.az

Biz onlara əslində nə deyək? - Millət vəkili, yoxsa...

14-08-2017, 13:27

Biz onlara əslində nə deyək? - Millət vəkili, yoxsa...

Neçə illərdir ki, Milli Məclisin üzvləri müxtəlif adlarla cəmiyyətə təqdim edilir

Altun.az modern.az-a istinadən xəbər verir ki, artıq neçə illərdir ki, KİV-də, ictimai diskussiyalarda, telekanallarda və bütün digər mötəbər yerlərdə Milli Məclisin üzvləri həm “deputat”, həm də “millət vəkili” adı ilə təqdim edilir. Son illər “millət vəkili” adı artıq rəsmi müraciət forması kimi leksikonumuza daxil olaraq “deputat” sözünü küncə sıxışıdırıb. Bəs əslində hansı düzdür, “millət vəkili”, yoxsa “deputat”?
Modern.az bununla bağlı araşdırma aparıb.

“Azərbaycan Milli Məclisi deputatının statusu haqqında” Qanunda Milli Məclisin üzvləri rəsmi olaraq “deputat” adlanır. Burada heç bir maddədə “millət vəkili” anlayışı əksini tapmayıb. Qanunun 1-ci, 2-ci, 6-çı maddələrində birmənalı olaraq “deputat səlahiyyətləri”, “deputat statusu”, “deputat vəsiqəsi”ndən danışılır. Milli Məclisin 1996-çı ildə qəbul edilmiş Daxili Nizamnaməsində də Milli Məclis üzvləri “deputat” kimi göstərilib.

Amma buna baxmayaraq Milli Məclisin üzvləri onları “millət vəkili” kimi təqdim edərkən heç bir irad bildirimir və bunu “deputat” sözünün sinonimi kimi qəbul edirlər. Hətta onların əksəriyyəti “millət vəkili” sözünü daha üstün tuturlar. Onlara “deputat” əvəzinə “millət vəkili” deyib müraciət edilməsindən daha çox xoşlanırlar.
Bir sıra müşahidəçilərin fikrincə, “millət vəkili” sözü müstəqilliyin ilk illərində Türkiyədən dilimizə keçib. O zaman yeni parlamentarizm ənənlərinin astanasında olan Azərbaycan bununla bağlı terminlərin işlədilməsində xüsusi bir diqqət ayırmayıb. Daha çox həmrəylik notları altında ortaya çıxmış “millət vəkili” anlayışı sonradan deputat anlayışı ilə eyni səviyyədə qoyulmağa başlanıb. Bu sözü işlətmə baxımından mənzərə maraqlıdır.

Məsələn, deputat Sabir Rüstəmxanlı “millət vəkili” ifadəsini daha çox işlədir. Onun sözlərinə görə, bu daha uyğun bir anlayışdır və deputatın statusunu uğurla aça bilir.
“Mən “millət vəkili” terminin işlənməsinin tərəfdarıyam. Camaat bunu belə qəbul edib. Bu sözün qanuna salınıb-salınmamasına gəlincə, bunu zaman yoluna qoyacaq”-deyə S.Rüstəmxanlı bildirib.

Amma fərqli fikirdə olanlar da var. Milli Məclisin deputatı Çingiz Qənizadə hesab edir ki, “deputat” anlayışını ictimai fikrə gətirmək üçün maarifləndirici tədbirlər həyata keçirilməlidir. Deputat qeyd edib ki, rəsmi məktublarda, sorğularda “deputat” adı hökmən göstərilməlidir: “Gündəlik həyatda isə elə “millət vəkili” sözünü işlətmək olar”.
Onun sözlərinə görə, “millət vəkili” sözü ictimai fikrə elə pərçimlənib ki, bir çox tanınmış insanlar, təşkilatlar bunun qanunda belə əks olunduğunu bilirlər. Bu yöndə KİV-ın köməyindən istifadə edilməsini təklif edən deputat bildirib ki, mediada ardıcıl şəkildə “deputat” sözü işlədilməlidir.

Milli Məclisin keçmiş sədri Murtuz Ələsgərov bir dəfə iclas zamanı deputatların “millət vəkili” adı ilə təqdim olunmasına kəskin etiraz edərək bu sözü işlətməməyə çağırmışdı. O zaman hüquq professoru qanunda yalnız “deputat” anlayışının olduğunu deyərək digər ifadələrin hüquqi əhəmiyyət daşımadığını demişdi.

Göründüyü kimi, KİV-də işlədilən “millət vəkili” ifadəsi əslində hüquqi baxımdan düzgün deyil və bu sözlə təqdim olunan Milli Məclisin üzvü əslində heç bir anlam ifadə etmir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 406 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com