altun.az

"Azərbaycanın enerji resursları Avropanın enerji təhlükəsizliyinə öz dəyərli töhfəsini verəcək"

27-06-2017, 17:12

"Azərbaycanın enerji resursları Avropanın enerji təhlükəsizliyinə öz dəyərli töhfəsini verəcək"

"Azərbaycanın enerji resursları Avropanın enerji təhlükəsizliyinə öz dəyərli töhfəsini verəcək".
Altun.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Andjey Duda ilə birgə mətbuata bəyanatla çıxışında deyib.
Prezident İlham Əliyev bəyan edib:
"Azərbaycan nefti Polşa bazarlarına çatdırılır. Bu gün Azərbaycan tərəfdaş ölkələrlə birlikdə nəhəng layihə olan "Cənub Qaz Dəhlizi" layihəsini uğurla icra edir. Bu layihə Azərbaycan qazını Avropa məkanına çıxaracaq. Layihənin ümumi dəyəri 40 milyard dollardır və icrası da uğurla davam etdirilir. Ümid edirəm ki, bu layihənin birinci mərhələsi gələn il, ikinci və sonuncu mərhələsi 2020-ci ildə başa çatacaq. Beləliklə, Azərbaycan Avropa üçün çox etibarlı tərəfdaş kimi özünü göstərəcək. Azərbaycanın enerji resursları Avropanın enerji təhlükəsizliyinə də öz dəyərli töhfəsini verəcək. Əlbəttə ki, energetika sektorunda digər istiqamətlər üzrə də yaxşı perspektivlər var. Əminəm ki, biz bundan istifadə edəcəyik".
Dövlət başçısı bildirib ki, nəqliyyat sahəsinə gəldikdə Prezident Duda da qeyd etdi, həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir:
"Bizim ölkəmizdə artıq bütün müasir infrastruktur yaradılıb. Dəniz limanları, dəmir yolları, aeroportlar, avtomobil yolları və eyni zamanda, artıq regional əməkdaşlıq formatı da yaradılıb. İndi bizim vəzifəmiz ondan ibarətdir ki, bu əməkdaşlığı dərinləşdirək, Avropa ölkələrini də bu əməkdaşlığa cəlb edək. Bu yaxınlarda Bakıda dəmir yolları rəhbərlərinin keçirdikləri görüş deməyə əsas verir ki, artıq geniş beynəlxalq əməkdaşlıq formatı yaranır. Şadam ki, Polşa tərəfi də bu formatda iştirak edir. Bu, bizim qarşımızda çox böyük perspektivlər açır. Əminəm ki, bu istiqamətdə aparılacaq əlaqələndirmə işləri və birgə səylər tezliklə yaxşı nəticələrə gətirib çıxaracaq, bütün iştirakçı ölkələr bundan faydalanacaq".
Azərbaycan Prezidenti həmçinin qeyd edib:
"Çıxışımın sonunda mən əlaqələrimizin humanitar aspektinə də toxunmaq istərdim. Biz polyakları və Polşanı yaxşı tanıyırıq. Müxtəlif dövrlərdə Azərbaycanda çalışmış və ölkəmizə xidmət etmiş məşhur polyak memarların, mühəndislərin, ictimai xadimlərin xatirəsi Azərbaycan xalqı tərəfindən yüksək hörmətlə anılır. Polyaklar 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublikanın rəhbərliyində də təmsil olunmuşlar. Yəni, tariximizin bu səhifələri bugünkü dostluğun təməlidir. Humanitar sahədə, mədəniyyət, turizm sahələrində də çox yaxşı perspektivlər var. Bugünkü səfərim bizim dostluğumuzu bir daha təsdiqləyir. Prezident qeyd etdiyi kimi, mən cənab Dudanı Azərbaycana rəsmi səfərə dəvət etmişəm. Əminəm ki, o, dəvəti qəbul edəcək və biz uğurlu əməkdaşlığımızı davam etdirəcəyik".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 347 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com