altun.az

Ankaranın əlində kompromat var-- Politoloq

3-12-2018, 17:33

Ankaranın əlində kompromat var-- Politoloq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitini tərk edərkən Moskva və Ankara arasında S-400 HHM sistemlərinin çatdırılmasına dair müqavilənin hesablaşmalarının milli valyutalarla aparılacağını bildirib. Bu barədə həmçinin tərəflərin dollardan imtinaya nail olduğunu vurğulayan Rusiya lideri Vladimir Putin də qeyd edib.
Prezidentlərin sözügedən qərarını Altun.az-a açıqlamasında Rusiyanın Yaxın Şərq Assosiasiyasının prezidenti, politoloq Murad Sadıqzadə şərh edib.
“Cənab Ərdoğanın S-400-lərin alışında hesablaşmaların milli valyuta ilə aparılması barədə bəyanatı yeni deyil, sadəcə daha əvvəl əldə olunmuş razılıqların izlənməsidir”, - ekspert bildirib.
Ekspertin fikrincə, Türkiyə-ABŞ əlaqələrindəki son yeniliklər kontekstində bu bəyanata böyük önəm verilməsi də əhəmiyyətli faktdır. Belə ki, Pentaqonun ABŞ Konqresi üçün hazırladığı hesabatda da məhz Vaşinqtonla Ankara arasındakı münasibətlərdən danışılıb. Hesabatda ABŞ mütəxəssisləri Türkiyə və ordusunun NATO üçün mühüm strateji əhəmiyyətindən bəhs edib, həmçinin rus istehsalı zenit raket komplekslərinin alınması ilə bağlı ritorikanı yumşaldıb.
“Mənim fikrimcə, bu hesabatın bizim üçün əlçatan olan hissələrinə əsasən amerikalıların Türkiyəyə müttəfiq kimi böyük önəm verdiyi nəticəsini çıxarmaq olar. Ola bilər ki, bu hesabatın mətbuata sızması da bilərəkdən edilib. Çünki ABŞ hazırda Qaşıqçı cinayəti ətrafında informasiya fonunu sakitləşdirməyə çalışır. Əks halda Ər-Riyadla ABŞ istehsalı zenit raket komplekslərinin alınması ilə bağlı imzalanmış 15 milyard dəyərindəki müqavilə ləğv oluna bilər. Vaşinqton və müttəfiqləri üçün ən qorxulu ssenari isə Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın bu işə görə dəyişdirilməsi ola bilər”, - Sadıqzadə qeyd edib.
Ekspert həmçinin bildirib ki, ABŞ helikopter və təyyarələrin satışı ilə bağlı sazişi çətin ki, ləğv etsin.
“Əlbəttə, Vaşinqton müqavilə ilə oynamağa çalışacaq, ancaq S-400 təcrübəsindən sonra Türkiyə rus təyyərələri də ala bilər. Məncə, ABŞ-da da bunu dərk edirlər və heç nəyə baxmayaraq, hakimiyyətdə bütün müqavilələri ölçən bir biznesmen var. Buna görə də Donald Tramp bu müqavilənin pozulmaması üçün əlindən gələn hər şeyi edəcək”, - ekspert bildirib.
Türkiyənin siyasi xətti barədə də danışan ekspert Ankaranın kəskin dönüş edərək ABŞ-dan uzaqlaşmayacağını, əvəzində S-400 əldə edilməsindən rıçaq kimi istifadə edərək, Ağ Evdən bir sıra faydalı güzəştlər “qoparmağa” çalışacağını qeyd edib:
“Ankaranın əlində Ər-Riyadı zəiflədə biləcək çox gözəl kompromat var və bundan istifadə etməmək üçün sadəcə sadəlövh olmaq lazımdır”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 201 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com