altun.az

Türkləri tarixi torpaqlarından qovan ermənilərə Tanrının cəzası – Faktlar

29-01-2019, 13:29

Türkləri tarixi torpaqlarından qovan ermənilərə Tanrının cəzası – Faktlar

Ermənistanda dəhşətli zəlzələdən sonra Spitak, Leninakan (Gümrü), Kirovakan (Vanadzor), Stepanavan və digər yaşayış məntəqələrində 25 mindən artıq insanın ölməsi və yarım milyondan çox insanın evsiz qalması bütün dünyaya məlum olan faktdır. Ancaq indiyə qədər bu dövrdə baş verən hadisələr nadir hallarda Azərbaycanda gərgin araşdırma predmetinə çevrilib.
Zəlzələnin sirləri...
Ermənistanda zəlzələnin tarixi həqiqətən sakral, ya da bəzilərinin dediyi kimi, mistik anlama malikdir. Məhz 1988-ci ilin dekabrında Ermənistanda daşnakların – müxtəlif növ terrorçuların, döyüşçülərin və cinayətkarların təşəbbüsü ilə azərbaycanlı əhalinin qovulmasının başa çatması geniş qeyd olunur.
Qeyd: 1987-1988-ci illərdə Ermənistandan zorla, silah gücü ilə təxminən 200 min azərbaycanlı, 18 min müsəlman-kürd, minlərlə rus qovulub. 255 azərbaycanlı öldürülüb: 2 nəfərin başı kəsilib, 11 nəfər diri-diri yandırılıb, 3 nəfərin bədəni hissələrə bölünüb, 23 nəfər maşınlarla əzilib, 41 nəfər ölənə qədər döyülüb, 19 nəfər dağlarda donub, 8 nəfər isə itkin düşüb. Həmçinin 57 qadın, 23 uşaq qəddarlıqla qətlə yetirilib.
Ancaq azərbaycanlıların qovulmasının başa çatması ilə bağlı Ermənistanda keçirilən “şənliklər”, hələ də inanclı ermənilərin türklərin qovulmasına görə “Allahın cəzası” adlandırdıqları dağıdıcı zəlzələyə çevrildi.
Şahidlər var...
Ermənistandan azərbaycanlıların qovulmasının həyatda qalan şahidlərindən biri Sənubər Sarallı o dövrdə gördükləri barədə ətraflı şəkildə özünün “Oğurlanmış tarix. Soyqırım” kitabında yazıb. Sənubər xanım faktları toplamaq üçün ağır və həssas araşdırma aparıb, azərbaycanlıların yaşadığı Sovet Ermənistanı tərəfindən adları dəyişdirilmiş rayonların annotasiyasını verib, həmçinin 1987-1992-ci illərdə Ermənistanda ölən və qəddarlıqla qətlə yetirilənlərin siyahısını təqdim edib. Ermənistanda baş verən dəhşətli zəlzələdən əvvəl baş verənləri Sarallı belə ifadə edir:
“7 dekabr. Səhər. Saat 10 radələrində Xamalinski (Spitak) rayonu istiqamətində bütün hərəkət dayandırıldı. 11:30-da isə minlərlə ekstremist düşüncəli tələbə Kürsalı və Sarallı kəndlərinə hücum etməyi planlaşdırırdılar. Artıq silah səsləri eşidilirdi, evlər yanırdı, ancaq gözlənilməz fəlakət ekstremistləri qabaqladı. Bu cinayətin cəzası olaraq, 10 ballıq zəlzələ başladı.
Ermənistan Daxili İşlər Nazirliyinin hesabatından: 1988-ci ilin 8 dekabr tarixində Azərbaycan zəlzələdən əziyyət çəkənlərə yardım göstərmək istəyən ilk ölkələrdən biri olub, 10 dekabr 1988-ci ildə isə İrəvanda Ermənistanın türklərdən azad edilməsi münasibətilə bayram qeyd olunub...
Sarallının dediklərindən: “Zəlzələdən sonra qorxmadan məni gizlədən yaşlı bir erməni qadının sözlərini hələ də xatırlayıram: “Allah bizi türkləri buradan qovduğumuza görə cəzalandırdı”.
Biz Ermənistan ərazisində azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsi, zorakılıq və vandalizm barədə məlumat vermək istədik. Saysız-hesabsız bu cür faktlar var. Onlardan biri Xamalinski rayonunda qeydə alınıb. Ermənilər azərbaycanlı uşaqları diri-diri boruların içinə dolduraraq, borunun hər iki tərəfini qaynaq ediblər. Zəlzələdən sonra fransız xilasedicilər onları tapdılar və bundan dərhal sonra Ermənistanı tərk etdilər. Maraqlısı odur ki, SSRİ-nin Baş Prokurorluğu baş verən vəhşiliklərin fərqində idi. Noyemberyan rayonunun keçmiş sakini, müəllim Şərif Mansurovun bu yolla qətlə yetirilmiş 30 uşaq barədə sualına SSRİ-nin Baş prokurorunun müavini V.İ Andreyev bu cür cavab verib: “30 yox, orada 23 azərbaycanlı uşaq olub”. Sanki bu rəqəm erməni vandalizminin qeyri-insani qəddarlığının mahiyyətini dəyişir”.
Humanitar yardım gətirən vurulmuş təyyarələr...
Bu şənlikləri təşkil edən daşnaklar “türklərin qovulmasını”nı yeni qanlı aksiyalarla qeyd etmək qərarına gəldilər. İrəvanın Zvartnots hava limanındakı “öz” dispetçerlərindən biri erməni millətçilərinə xəbər verir ki, İrəvana zəlzələdən ziyan çəkənlərə yardım üçün xilasedicilərin olduğu iki təyyarə - biri Azərbaycandan, digəri Türkiyədən uçur. 11 dekabrda Gümrü rayonunda (Leninakan) zəlzələdən zərərçəkənlərə yardım üçün gələn 50 azərbaycanlı, 13 ləzgi, 11 rus, 2 tatar, erməni və yəhudi ekipaja sahib olan Azərbaycana məxsus İl-76 hərbi-nəqliyyat təyyarəsi vurulur. Bir nəfərdən başqa təyyarənin bütün ekipajı həlak olur. Yalnız təyyarənin göyərtəsindəki yük maşınında əyləşən Fəxrəddin Balayev sağ qalır. Növbəti gün, 12 dekabr gecəsi Ermənistandakı zəlzələ qurbanlarına yardım gətirən Yuqoslaviyaya məxsus An-12 hərbi-nəqliyyat təyyarəsi qəzaya düşür. 7 nəfərlik heyət həlak olur. Təyyarə Yuqoslaviya-Bolqarıstan-Türkiyə-SSRİ beynəlxalq marşrutu ilə uçurdu. Yuqoslaviyanın An-12 təyyarəsi Türkiyədən tranzit uçuş həyata keçirdiyi üçün erməni millətçiləri onun türk təyyarəsi olduğunu düşünərək İrəvan yaxınlığında vururlar.
Ermənistan Daxili İşlər Nazirliyinin hesabatından: “Hava limanı ərazisində meteoşərtlər normal idi. Təyyarələrlə dispetçer əlaqəsi ingilis dilində yaradılırdı. Lakin təyyarənin İrəvan hava limanına eniş etdiyi bir vaxtda əlaqə kəsildi. Təyyarə Zvartnots hava limanından 12-13 kilometr aralıda yerə çırpıldı”.
Yeri gəlmişkən xatırlatmaq lazımdır ki, dünya ermənilərinin hər yerdə Azərbaycan əleyhinə isteriya və Dağlıq Qarabağa qarşı iddialarla çıxış etməsinə baxmayaraq, Azərbaycan xilasediciləri Ermənistanda baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması işində elə ilk gündən etibarən fəal şəkildə iştirak ediblər.
Azərbaycan dərhal Ermənistana yardım göstərməyə başladı. Buradan Ermənistana benzin, texnika, kranlar göndərildi. Lakin Ermənistana kömək üçün gedən azərbaycanlı xilasedicilər ölüm təhdidləri ilə üzləşdilər. Onları hər yerdə izləyən ermənilər daha sonra haqq-hesab çürüdəcəklərinə söz verirdilər. Hadisə şahidlərinin sözlərinə görə, ermənilər bizim yanacağımızı məmnuniyyətlə qəbul edirdilər, lakin konservləşdirilmiş qanla dolu qutular gəldikdə isə onlar həmin qanı yerə tökürdülər. Hərçənd bu qanın azərbaycanlılara məxsus olması heç də şərt deyildi.
Azərbaycanın əməkdar inşaatçısı, Bakı Baş Tikinti İdarəsinin keçmiş rəhbəri Emil Axundov.
Zəlzələdən əziyyət çəkən Ermənistanda daşnakların etdikləri barədə Azərbaycanın əməkdar inşaatçısı, 1988-ci ilin dekabrında Ermənistana göndərilən Azərbaycan inşaatçılarına rəhbərlik edən mühəndis Emil Axundov da danışıb. Axundov “Leninakan 1988-ci il: azərbaycanlılar erməniləri necə xilas etdilər” başlıqlı materialda 25-30 dərəcə şaxtada erməni millətçilərinin ölüm təhdidləri qarşısında azərbaycanlı xilasedicilərin və inşaatçıların dağıntılar altından onlarla cəsədi çıxardığını qeyd edib. Axundovun rəhbərlik etdiyi dəstə zəlzələnin episentrində yer alan azərbaycanlıların yaşadığı 22 kəndin xilas edilməsi əməliyyatına cəlb olunub.
O günləri xatırlayan Axundov belə deyirdi: “Qeyri-ixtiyari Allaha inanmağa başlayırsan – çünki zəlzələdən bir nəfər belə olsun, azərbaycanlı xəsarət almamışdı. Nalbənd kəndində bizə 86 yaşlı azərbaycanlı qoca və 70 yaşlı həyat yoldaşının yaşadığı daş ev göstərdilər. Evdə bircə dənə belə çat yox idi”.
Xatırladaq ki, söhbət demək olar ki, bütün tikililəri yerlə-yeksan edən 10 ballıq zəlzələdən gedir.
Bu gün, illər ötdükdən sonra 7 dekabrda Ermənistanda baş vermiş zəlzələ ilə bağlı hadisələrin səbəbləri və nəticələri daha aydın görünür. Sovet Ermənistanında terror qruplaşmalarının yerləşməsi və onların bu ölkədəki kriminal fəaliyyətinə dair faktlar ayrılıqda araşdırma tələb edir. Çoxsaylı sübutlardan məlum olur ki, daşnaklar sadəcə azərbaycanlıları məhv etmək şüarları ilə mitinqlər keçirməyiblər, eyni zamanda birbaşa olaraq etnik təmizləmə, azərbaycanlıların öldürülməsini və teraktlar təşkil ediblər.
Məqalə Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynovun təqdim etdiyi materiallar əsasında hazırlanıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 406 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]