altun.az

Deputat: “Milyardlarla vəsait xərclənsə də, ciddi uğurlar əldə edilməyib”

7-12-2016, 12:18

Deputat: “Milyardlarla vəsait xərclənsə də, ciddi uğurlar əldə edilməyib”

“Azərbaycanda regionların sosial-iqtisadi inkişafına nail olmaq üçün dövlət proqramları çərçivəsində milyardlarla vəsait xərclənsə də, bu sahədə ciddi uğurlar əldə edilməyib”.

Altun.az xəbər verir ki, bunu bu gün Milli Məclisdə keçirilən Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsinin müzakirəsi zamanı millət vəkili Rafael Cəbrayılov bildirib.

Deputat deyib ki, bu sahədə kifayət qədər problemlər var:
“Bu gün Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığının azaldılmasının yeganə optimal yolu regionların sosial-iqtisadi inkişafı prosesinin sürətləndirilməsi və bu sahədə ciddi uğurların əldə olunmasına nail olunmasıdır. Düzdür, regionların sosial-iqtisadi inkişafına nail olmaq üçün bir sıra dövlət proqramları həyata keçirilib və bu proqram çərçivəsində çox böyük işlər görülüb, milyardlarla vəsait xərclənib. Amma etiraf etməliyik ki, bu qədər vəsait xərclənsə də, kifayət qədər uğurlar əldə edə bilməmişik. Bunun nəticəsidir ki, regionlarda problemlər qalmaqdadır. Hesab edirəm ki, regionların inkişafına nail olmaq üçün hökumət özəl sektoru bu prosesə ciddi surətdə cəlb etməli və normal münasibətlərə nail olmalıdır. Bunun üçün özəl sektora lazımi şərait yaradılmalı və lazım gələrsə, onlara güzəştli kreditlər verilməlidir”.

R.Cəbrayılov qeyd edib ki, bu qədər dövlət proqramlarının həyata keçirilməsinə baxmayaraq, regionlar iqtisadi muxtariyyətə nail ola bilməyiblər:
“Deməli, bu sahədə uğurlar əldə edilməyibsə, yetərincə problemlər var və bu həll edilməlidir. Məhz bunun nəticəsidir ki, regionlarımızın böyük əksəriyyəti dövlət dotasiyası hesabına dolanırlar”.

R.Cəbrayılov deputat seçildiyi Şirvan şəhərinin üzləşdiyi problemlərlə bağlı da Milli Məclisdə məsələ qaldırıb:
“Şirvan şəhəri tipik sənaye şəhəri olmasına baxmayaraq, burada işsizlik yüksək səviyyədədir. Sənaye şəhərində belə vəziyyət gələcəkdə ciddi fəsadlara yol aça bilər. Odur ki, hökumət bu məsələyə daha diqqətlə yanaşmalıdır. Bir vaxtlar Şirvanda fəaliyyət göstərən tanınmış futbol klubu var idi. Ancaq bu klub son vaxtlar maliyyə baxımından tamamilə dağılıb və şəhərdə normal stadion yoxdur. İndi Şirvan sakinləri futbol oynamaq üçün kilometrlərlə yol qət edib, Salyan rayonu ərazisindəki Qaraçala qəsəbəsində yerləşən stadiona gedirlər”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 499 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com