altun.az

Bu “bespredel”lər daha nə etməlidir ki, məsuliyyətə cəlb olunsunlar?!..

9-05-2018, 23:41

Bu “bespredel”lər daha nə etməlidir ki, məsuliyyətə cəlb olunsunlar?!..

Xəbər verdiyimiz kimi, mart ayının 5-də Altun.az saytının baş redaktoru Süleyman Məmmədlinin oğlu Altay Məmmədov, əvvəlcədən haqqı ödənilməklə alıb yaşadığı evindən, 8 aydan sonra, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, silahlı hücum nəticəsində uzaqlaşdırılıb. Artıq üçüncü aydır ki, dövlətin ən həlledici qurumlarına-hüquq mühafizə orqanlarına müraciət etməsinə rəğmən, cinayətkarlar məsuliyyətdən kənar, vətəndaş da evsiz-kirayələrdə qalmaq məcburiyyətində qalıb...
Dövlət iki şeydən- cinayət olub, cəza olmazsa, ya da cəza olub, cinayət olmazsa sarsılar. Artıq üç aydır cinayət ortalıqdadır. Üç aydır hüquq-mühafizə orqanları öz susqunluqlarını qorumaqda davam edir. Vətəndaşları dövlətdən, hakimiyyətdən də narazı salan məhz bu susqunluğun bunca müddət mübhəm şəkildə uzun sürməsidir...
Bəlkə yadlarından çıxıb, bəlkə bu müraciət onlara çatmayıb deyə bu boyda olaya hüquqi qiymət verilmədiyini xatırlatmaq üçün, aprel ayının əvvəlində saytımız vasitəsilə aidiyyəti qurumlara ünvanladığımız müraciəti olduğu kimi, bir daha Azərbaycan DİN-nə, Respublika Baş Prokurorluğuna çatdırırıq.
Cənablar, ikili münasibətlərə son qoyun! Cinayətkarlığa son qoyun!..
Artıq, bir aydır ki, vətəndaş evindən qovulub. Evdən çıxarılan zaman isə ev əşyalarını, əyin paltarlarını, ərzağını, övladının dərsliyini belə götürməyə imkan verməyiblər- ermənilərin Xocalıdan azərbaycanlıları qovduqları kimi...
Xəbər verdiyimiz kimi, 2017-ci ilin dekabr ayından başlayaraq, Altun.az saytının baş redaktoru S.Məmmədlinin oğlu Altay Məmmədov, razılaşma yolu ilə əvvəlcədən pul ödəyib aldığı, 8 ay yaşadığı evdən, qabaqcadan əlbir olan bir qrup-Təbib Aslanov və onun qayınları Müşviq, Cahid, arvadı Nailə və baldızı Arzu tərəfindən zor gücünə çölə atılıb. Əvvəlcə, yanvar ayının 24-də gecə saat 23-30 radələrində, evinin arxa divarını uçurmağa cəhd ediblər. A.Məmmədovun DİN-in 102 xidmətinə zəngi cinayətkarların bu əməlinin qarşısını alıb,işlərini tamamlamamış, hadisə yerindən qaçıblar. Lakin cəzasız qalan qrup üzvləri, ertəsi gün A.Məmmədovun evinin kommunal xətlərini-işıq, qaz və suyu kəsiblər. Dəfələrlə Suraxanı rayon polis idarəsinə, DİN-in 102 xidmətinə müraciət edən baş redaktor və övladının müraciətləri, adekvat tədbir alınmadığından, problem həllini tapmayıb. S.Məmmədlinin, oğlunun evinə işıq çəkilməsi üçün, yanvar ayının 31-də 4 saylı Asan xidmət vasitəsilə Azərişığın hesabına 167 manat ödəniş etməsi belə, cinayətkarların “ərköyün”lüyü üzündən, A.Məmmədovun evinə elektrik xəttinin çəkilməsinə kömək etməyib. 9 fevral və 16 fevral tarixlərində azərişıq əməkdaşı, Suraxanı rayon polis idarəsinin əməkdaşları-sahə müvəkkili Elvin Cəfərov və iki maşın post patrul əməkdaşlarının gözü qarşısında, Müşviq, Cahid, Təbib və oğlanları tərəfindən təzyiqə məruz qalıb, təhqir olunaraq, vəzifə səlahiyyətlərinin həyata keçirilməsinə yol verilmədiyindən, A.Məmmədovun evinə elektrik xətti çəkmədən ərazidən uzaqlaşıb. Polisin gördüyü iş isə, sadəcə, S.Məmmədlini və oğlunu, cinayətkarlardan isə Müşviq və Təbib Aslanovu bölməyə aparıb, izahatlarını aldıqdan sonra sərbəst buraxmaları olub.
Azərişıq əməkdaşının vəzifə səlahiyyətlərini yerinə yetirməyə imkan verməyən Müşviq, Cahid, Təbib və digər şəxslərin də qanunsuz əməllərini əks etdirən video yazını da paylaşmaqda məqsəd, istintaqa yardım etmək niyyətimizdəndir.


Təqdim etdiyimiz video material, 16 fevralda A.Məmmədovun evinə elektrik xətti çəkilməsi üçün oğlunun evinə gedən baş redaktora qarşı Müşviq və Cahid adlı şəxslər tərəfindən hücum edilməsini əks etdirir. Dəlil yoxluğundan şikayət edən Suraxanı rayon polis idarəsinə, hazırda A.Məmmədovun evinə hücum edilməsi ilə bağlı açılmış cinayət işini aparan müstəntiq F.Bağırova da bu material təqdim edilib. Video materialdan da görünür ki, fevral ayının 16–da baş redaktoru baltalamaqla təhdid edən Müşviq və Cahid qardaşları, bu niyyətlərini mart ayının 5-də reallaşdırıb, A.Məmmədovun həyət darvazasını balta ilə parçaladıqdan sonra, qadınları baş redaktorun oğlunun evinin pəncərə şüşələrini qıraraq, mənzilinə daxil olmalarına şərait yaradıblar.

Müşviq və Cahid qardaşlarının vətəndaşın darvaza qapısını parçalama anının video görüntüsünü də oxucuların və aidiyyatı qurumların diqqətinə çatdırırıq.

Baş redaktor S.Məmmədli cinayətkarların durdurulması ilə bağlı dəfələrlə Dİ naziri general-polkovnik R.Usubova, Dİ nazirinin müavini general-mayor V.Eyvazova müraciət etsə də, “dəlil yetərsizliyi” üzündən cinayətkarlar zərərsizləşdirilməyib, vətəndaş A.Məmmədov evindən didərgin salınıb...
Bununla əlaqədar münasibətini öyrəndiyimiz baş redaktor S.Məmmədli: “Dəfələrlə Dİ nazirinə, Respublika prokuroruna, Dİ naziri müavini V.Eyvazov cənablarına, Suraxanı rayon polis idarəsi rəhbərliyinə cinayətkarların durdurulması tələbi, xahişi ilə müraciət etmişəm. Gördüyünüz kimi, hələ ki, cinayətkarlar həmin küçədə “meydan sulayır”, oğlum evindən didərgin salınıb.
Bu “bespredel”lər daha nə etməlidir ki, məsuliyyətə cəlb olunsunlar?!..

Mən dövlətimin varlığına və onun hüquq mühafizə orqanlarının gücünə inanıram. Çünki bu dövlətin qurulmasında şəxsən iştirak etmişəm və bu dövlətin uğrunda qardaşım və qardaşım oğlu Şəhid olub...
Sizin də tanıdığınız Müşviq, Cahid və Təbib adlı o ünsürləri mən öz qüvvəmlə də tərksilah edə bilərəm. Lakin, hüquqi dövlətdə hər kəsin özbaşına problem həll eləmək cəhdi, ölkədə anarxiyaya, qarşısı alınmaz xaosa səbəb ola bilər ki, bunu nə mən, nə də, yəqin ki, aidiyyatı qurumlar da istəməz. İndiki halda, prezident seçkiləri öncəsi bu cinayətkarların durdurulmaması isə, sadəcə, məndə təəssüf hissi yaradır...
Lakin, məndə olan qeyri dəqiq məlumata görə, hətta Suraxanı rayon ərazisində narkotik ticarəti ilə məşğul olan, “makler” fəaliyyəti göstərən Müşviq və Cahid adlı şəxslərin həbs edilməsi, yaxın günlərdə gerçəkləşməlidir”.
Daha bir video yazıda isə, 10 mart tarixində Suraxanı rayon polis idarəsində, baş müstəntiq Pərviz müəllimin qəbulundan çıxandan həmən sonra, A.Məmmədovun həyət divarlarının Müşviq, Cahid, Təbib və digər şəxslər tərəfindən yerlə bir edildiyi öz əksini tapıb. Vətəndaş A.Məmmədova qarşı xuliqanlıq hərəkətinə yol vermiş, baş redaktorun oğlunun şəxsi əmlakına 5000 (beş min) manatdan artıq maddi ziyan vurmuş Müşviq, Cahid, Təbib, Nailə və Arzu adlı şəxslər isə, bu gün də Samir Əliyev küçəsində “at oynadır”, bir ailənin öz evində rahat yaşamasına imkan vermirlər.


Prosesi diqqətdə saxlayıb, ədalətin yerini bulması xəbərini oxucularımızla paylaşmaq ümidindəyik.
Dövlət iki şeydən sarsılar; cəza olub-cinayət olmasa, ya da, cinayət olub-cəza olmasa.
Azay Süleymanoğlu


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 084 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]