Bugün:

“Sonadək Prezidentimizin yanındayıq” — - diaspora liderindən MÜSAHİBƏ

01 sen 2017, 19:48, altun
    Oxunub: 67
 “Sonadək Prezidentimizin yanındayıq” — - diaspora liderindən MÜSAHİBƏ


Dünya Azərbaycanlıları Assambleyasının (DAA) prezidenti Rəşad Quliyev ölkə.az xəbər portalına müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik:

- Bu yaxınlarda Dünya Azərbaycanlıları Assambleyasının (DAA) qeydiyyatdan keçməsinin 1 ili tamam olur. Keçdiyimiz bir ili necə qiymətləndirirsiniz? Ümumiliyyətlə, DAA-nın yaranmasına nə zərurət var idi?

- DAA-nın yaranması ideyası bir neçə illər öncəyə aiddir. Təxminən 2007-2008-ci illərdə mətbuatda belə bir yazı yazmışdım. DAK-da nə başverir? O zamanlar DAK-da ciddi təlatümlər vardı. Tərəflər bir-birilərini ittiham edir, DAK adına iddia edirdilər. Əslində bu təlatümlər nə ilk, nə də son deyildi. Təxminən 2003-cü ildən Konqresdə söz-söhbətlər, çəkişmələr son bulmurdu. Çözüm olaraq hər dəfə DAK qurultayları çağırılırdı, hər qurultayda yeni sədr seçilirdi. Arqumentlər belə idi. Cavad Deraxti rəhbərlik etdiyi zamanlar onu təşkilatı doğru idarə etməməkdə suçlayanlar sonradan professor Qulamrza Səbri Təbrizinin namizədliyini irəli sürdü. Qulamrza bəyin namizədliyi verilirkən belə əsaslandırılırdı ki, Edinburq Universitetinin professorudur, ağsaqqaldır, mərhum prezidentimiz Heydər Əliyevin rəhbərlik etdiyi zamanlar Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasına icra katiblik edib, hökumətlə münasibətləri əla səviyyədədir, təcrübəlidir, Güney Azərbaycanlıdır və sair. İttihamlar yenə səngimədi, hətta deyərdim ki, münasibətlər daha da gərginləşdi, daha sonra xalq şairimiz, keçmiş millət vəkili Sabir Rüstəmxanlının namizədliyi irəli sürüldü, bu dəfə də ittihamlar səngimədi, bu dəfə tərəflər Sabir bəyi ittiham etməyə davam etdilər. Mətbuata çıxır, yazılar yazır, müsahibələr verirdilər. Deməli, problemlər şəxslərdə deyil. Problem bizim özümüzdəddir. Bu günə qədər toplum olaraq bir namizədi irəli sürüb arxasında lazımınca durmamışıq. Sanki, dedi-qodu, söz-söhbət, mənasız yerə çəkişmələr xarakterimizə hopub. DAK kimi böyük bir təşkilat dedi-qodu, çarpışmalar, çəkişmələr sonucu demək olar ki, dağıldı və az qala hər il keçirilən qurultaylar da bu problemi həll etmədi. Mən hələ o dövrdə mətbuatda yazdığım məlum yazıda təklif etdiyim kimi, tərəfləri çəkişmələrdən qaçmağa, ad mücadiləsini bir tərəfə qoyaraq yeni və fərqli ad altında fəaliyyət göstərməsini təklif etmişdim. Bu Dünya Azərbaycanlıları Birliyi, yaxud, Dünya Azərbaycanlıları Mərkəzi, yaxud. Dünya Azərbaycanlıları Assambleyası ola bilərdi. Yəni, mübarizə aparmaq, iş görmək üçün bəhanələr əngəl olmamalıdır. Mən bu təşkilatda iki dəfə gənclər təşkilatının sədri, sədrin müşaviri olmuşam və bu təşkilatın aparıcı fəallarından biri olmuşam. Bu yolda gəncliyimizin ən şirin, ən gözəl yaşanılacaq zamanlarını fəda etmişəm. Mənim kimi onlarla, yüzlərlə gənc bunu etmişdi. Bu fikirlərimlə mən DAK-n fəaliyyətinə, keçmişinə kölgə salmaq niyyətində deyiləm. Bunu da qeyd etmək lazımdır ki, bu gün dünyada 400-dən çox Azərbaycan adında təşkilat fəaliyyət göstərdiyi halda, DAK fəaliyyətə başladığı illərdə ümumi götürsək dünyada bəlkə də 50 təşkilat olmazdı. Ölkəmizin beynəlxalq səviyyədə müdafiə edilməsinə ehtiyac olan zamanlarda DAK ortada idi. Ancaq təəssüff ki, bu təşkilatı dostlarımızın, ziyalılarımızın və milli fəallarımızın mənəm-mənəmlik hissi, eqo hissi bir neçə yerə parçaladı. Hazırda isə bir-biri ilə savaşdan, cırmaqlaşmaqdan yorulan, haldan düşən iki şirə bənzəyir. Assambleyanı qurmazdan öncə ziyalılar, millət vəkilləri, hökumət nümayəndələri, ictimai fəallar, bir sıra beynəlxalq təşkilatlarla müzakirələr apardıq, onların da bu istiqamətdə düşüncələrini aldıq. Böyük əksəriyyət bu ideyanı dəstəklədi və bu qurumun yaradılmasına zərurət olduğunu tam əmin olduqdan sonra ilk addımımız Təşəbbüs Qrupu yaratmaq oldu. Qeyd edim ki, biz bu müzakirəni apardığımız zaman mövcud durumu nəzərə alaraq, ölkəmizin beynəlxalq səviyyədə haqqını müdafiə edəcək təşkilatın demək olar ki, (DAK xaric) olmadığını nəzərə alaraq formalaşdırmağa başlamışdıq. Təşəbbüs qrupuna qısa zamanda onlarla ölkədən təmsilçilər qatıldı və beləliklə biz həm fəaliyyət göstərməklə yanaşı eyni zamanda hüquqi proseduru başlatdıq. Nəhayət 06.09.2016-cı ildə təşkilatımız 12 ölkədən təmsilçilərinin də qatılımı ilə beynəlxalq ictimai təşkilat olaraq qeydiyyata alındı. Təşkilatımızın fəaliyyətini qiymətləndirərkən birillik dövrü deyil, təşəbbüs qrupu dövründən başlamaq lazımdır. Bu da təxminən bir il yarımlıq dövrü əhatə edir.

- Fəaliyyətiniz dövründə hansı uğurlu layihələrə imza atmısınız?

- Bayaq qeyd etdiyim kimi, əlimizdə olan məhdud imkanlar hesabına bir çox fəaliyyətlərə imza atdıq. Beynəlxalq qeyri-hökumət təşkilatı olaraq qeydiyyatdan keçdik, daha sonra 20-yə yaxın ölkədə təmsilçilərimizi təyin etdik. Ötən ilin aprel döyüşləri ərəfəsində işğalçı və separatçı qüvvələrin müdafiəçiləri Azərbaycana, xüsusən də Avropada beynəlxalq səviyyədə yalan, böhtan kampaniyası başlatmışdılar. Biz buna dərhal adekvat münasibət bildirdik, bizim müraciətimizdən sonra sizlər də yəqin xatırlayırsızki, o zamankı Avropa Parlamentinin prezidenti Martin Şultz müraciətimizə reaksiya verərək, Ermənistanın işğalçı ordusunun işğal etdiyi bölgələri dərhal tərk etməsini açıq bir dillə bəyan etmişdi. Bu bəyanat o zamanlar bütün xəbər agentliklərinin, saytlarının baş xəbəri olmuşdu. Cənab Şultzun cavab məktubu o zaman baş vermişdi ki, hətta təşkilatımız rəsmi qeydiyyatdan keçməmişdi, biz hələ təşəbbüs qrupu formasında fəaliyyət göstərirdik. Bu müddət ərzində Avropa Komissiyasnın, Avropa Parlamentinin, BMT-nin lobbi qurumlarından vətəndaş cəmiyyətləri üçün nəzərdə tutulan qurumlarından qeydiyyatdan keçmişik, keçənilin 6 ayı ərzində 10-a yaxın ölkədə müxtəlif səpkili tədbirlər keçirdik, bu ilin fevralın 4-də Dünya Azərbaycanlıları Köln Forumunu bir çox maddi, mənəvi, texniki problemlərə baxmayaraq uğurla keçirdik. Əsir və girovlarımızla bağlı beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırdıq, məhz bizim müraciətdən sonra Avropa İnsan Haqları Yüksək Kommissarı məsələni birbaşa şəxsi icraatına götürdü. Qızıl Xaç Komitəsi prezidenti Mauer məsələyə münasibət bildirdi, Rusiya Federasiyası Dumasının ratifikasiya etdiyi və Federasiya rəhbəri cənab Vladimir Putinin təsdiq etdiyi Ermənistanla birlikdə hərbi qruplaşma yaratması ilə bağlı və Rusiya rəhbərliyinə rəsmi müraciətlərimizi göndərdikbundan başqa bir çox ölkəmizi yaxından maraqlandıran məsələlərlə bağlı öz mövqeyimizi ortaya qoyduq. Bu formada onlarla müraciət və bəyanatlarımızı misal göstərə bilərəm. Bir neçə ay bundan öncə Ermənistan işğalçı ordusu tərəfindən dinc sakinlərimiz atəşə tutuldu və birisi iki yaşlı körpə uşaq olmaqla bir yaşlı qadın həlak oldu. Bu hadisə ilə bağlı Berlində Ermənistan səfirliyi önündə aksiya keçirdik, aksiyamızı Rusiyanın RTL, Almaniyanın Berlin TV-ləri olmaqla yerli və xarici media bizim aksiyanın məqsədlərini geniş işıqlandırdı. Aksiyamız Rusiya mətbuatında da maraqla qarşılandı və Qafqaz məkanının ən tanınmış saytlarından “vestkikavkaza.ru” geniş məlumat yayımladı və xəbərin oxunma statistikası on minlərlə idi. Bu da aksiyamızın məqsədinin geniş ictimaiyyətə yayılmasına öz müsbət təsirini göstərdi.

- Assambleyanın əsas amalı nədir?

- Dünya Azərbaycanlıları Assambleyası demokratik, qanunların ali olduğu bir ölkədə, Almaniyada beynəlxalq ictimai təşkilat olaraq qeydiyyatdan keçib. Təşkilatın məqsədinin nə olduğu ilk baxışdan adında da yazılıb. Ancaq bir daha aydın olması üçün izah etmək borcunu hiss edirəm. DAA məqsədlər və istiqamətlər haqqında əsasnaməsində deyilir:

Dünya Azərbaycanlıları Assambleyası dünya üzərində yaşayan 50 milyondan artıq azərbaycanlının insan haqlarının, milli mədəni hüquqlarının təmin olunmasını qarşısına məqsəd qoymuş beynəlxalq ictimai təşkilatdır. Ancaq bir xüsusa diqqət etmək lazımdır ki, biz ayrı ayrı insanlarla, dünyaya yayılmış azərbaycanlıların yaşadıqları ölkələrdə milli azlıq olaraq hüquqlarının müdafiə olunmasında iştirak edirik. Biz, millətindən, dinindən , irqindən, cinsindən və siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəsi azad, xoşbəxt və firavan, Azərbaycan Respublikasını isə sivil, demokratik, azad, vahid, müstəqil dünya ailəsinin bir üzvü olaraq çiçəklənən dövlət kimi görmək istəyirik.

Vətəndaşı olduğu və ya yaşadığı ölkənin inkişafında iştirak etməklə yanaşı, həmin ölkələrlə Azərbaycan arasında sabit və daim möhkəmlənən münasibətlərin yaranmasına köməklik göstərmək;

Əsas məqsədimizlərdən biri isə təbii ki, Azərbaycanın beynəlxalq əməkdaşlığına tövhə vermək, Azərbaycanı dünya ailəsində etibarlı dost kimi tanıtmaq , ölkəmizin dünya ölkələri ilə qarşılıqlı əməkdaşlığına dəstək olmaqdır.

Biz hesab edirik bu gün ölkəmizin Rusiya, Amerika, Avropa , Çin bir çox super güclərlə yaxşı münasibətləri vardır. Biz də daha çox xalq diplomatiyasına söykənən təməllər üzərində işimizi quraraq dünyada sülhün, əmin amanlığın təmin olunmasına ölkələrimiz arasında mövcud olan münasibətlərin artan templə inkişaf etməsinə öz tövhəmizi vermək istəyirik.

Bu gün heç kimi sirr deyil ki, Azərbaycan ərazilərinin 20 faizi 25 ildir işğal olunub amma buna baxmayaraq sülhə , stabilliyə, müzakirələrə daim sadiqdir bu müddət ərzində Ermənistanın təxribatlarına yalnız cavab verməklə kifayətlənib, ancaq bu heç kimə sirr deyil ki, bugün həm iqtisadi, həm hərbi gücü, həm diplomatik imkanları Ermənistandan qat qat güclü Azərbaycan hərbi yolla beynəlxalq hüququ tam təmin etmək iqtidarındadır, yalnız bizi təəssüfləndirən beynəlxalq birliyin ikili standartıdır. Əlbəttə ki, bizim əvəzimizə bu torpaqları nə Avropa Birliyi, nə də Amerika işğalndan azad etməyəcək amma ən azından qəbul olunmuş beynəlxalq hüququn parametrləri, prinsipləri var və bu prinsiplərə görə işğalçı ölkə siyasi, iqtisadi, ticari sanksiyalar tətbiq olunmalıdır. Separatçı rejimin rəhbərliyinə Avropaya girişinə viza verilməməlidir, necə ki, Abxaziya və Osetiya liderlərinə bu tətbiq olunur eyni qayda bu hadisədə də tətbiq olunmalıdır. Bu ikili standart tezliklə aradan qaldırılmalıdır, beynəlxalq birlik öz qətiyyətini ortaya qoymalıdır.

- Assambleyanın dövlət qurumları ilə, konkret olaraq Disapora Komitəsi ilə əməkdaşlığı varmı? Azərbaycan hökumətinin bu quruma qarşı münasibəti necədir?

- Əvvəla onu deyim ki, bizim bayaq qeyd etdiyim kimi, təşkilatımıza irqindən, siyasi mənsubiyyətindən, dinindən asılı olmayaraq hər kəs qatıla bilər və bizim fəaliyyətimizdə fəal iştirak edə bilər. Yalnız bir qırmızı xəttimiz var. Dövlətçilik xətti. Bu gün müstəqil və inkişaf edən ölkəmiz var. Bu dövlət şəhidlərimiz qanı hesabına müstəqil oldu. Daha sonra ölkəmizdə hakimiyyətə gələn mərhum prezident Əbülfəz Elçibəyin, mərhum lider Heydər Əliyevin müstəqilliyimizin möhkəmlənməsi istiqamətində danılmaz işlər gördü. Biz ölkəmizdə aparılan islahatları alqışlayırıq və yaranma məqsədimiz də ölkəmizə xidmət etməkdir. Bir sözlə qətiyyətlə deyə bilərəm ki, DAA cənab prezident İlham Əliyevi dəstəkləyir və bundan sonra da hər zaman prezidentimizin yanındayıq. Bu mənada cənab prezidentin və 1-ci vitse prezidentimiz Mehriban xanım Əliyevanın fəaliyyəti və gördüyü işlər inkar edilməzdir. Azərbaycan müstəqil, sivil, güclü ölkə kimi həm özünü regionda həm dünyada isbat etmiş dövlətdir. Bu gün Azərbaycanın iştirakı olmadan regionda heç bir beynəlxalq layihə reallaşdırılmır. Bu gün ölkəmiz dünyanın enerji, ticarət əməkdaşlığında öz sözünün qətiyyətlə deyib.

Diaspora Komitəsinə gəlincə şəxsən mənim Komitə sədri Nazim İbrahimovla münasibətlərim çox yaxşı səviyyədədir. Biz bir çox məsələlərdə daima fikir mübadiləsi edirik. Bundan başqa yarandığımız ilk gündən Komitəni fəaliyyətimizlə bağlı məlumatlandırmış, atacağımız addımları onların da nəzərinə çatdırmışıq. Bugünə qədər heç bir lahiyədə əməkdaşlıq etməsək də, ümid edirəm ki, gələcəkdə bu əməkdaşlıq reallaşacaq və biz ölkəmizlə bağlı birgə işlər görə biləcəyik.

Hərçənd biz özümüzü sırf diaspora təşkilatı hesab etmirik. Diaspora təşkilatlarının məhdud və konkret fəaliyyətləri var ancaq biz daha çox beynəlxalq əməkdaşlığa önəm verən ictimai idarəetmədən irəli gələn fəaliyyətləri həyata keçiririk.

- Azərbaycan hökumətindən gözləntiləriniz varmı varsa bunlar nədən ibarətdir ?

- Azərbaycan hökumətindən gözləntimiz yalnız o bilər ki, ölkəmiz adına reallaşdırdığımız lahiyələrdə bizimlə yaxından əməkdaşlıq etsinlər.

- Gələcək planlarınız nədir, nələri etməyi, hansı layihələri həyata keçirməyi düşünürsüz?

- Əsas strateji hədəfimiz beynəlxalq qurumlarla əməkdaşlığımızı gücləndirməkdir. Çünki yalnız bu yolla haqq səsimizi sivil dünyanın diqqətinə çatdıra bilərik. Hazırda 4 dildə yayımlanacaq saytımız hazırlanır. Bu sayt vasitəsi ilə səsimizi, xəbərlərimizi duyuracağıq.

Digər tərəfdən yaxınlarda ölkə təmsilçilərimizin və idarə heyyətimizin canlı toplantısını keçirməyi düşünürük, Azərbaycan nümayəndəliyinin təqdimatına hazırlaşırıq. Həmçinin, strateji planlarımızı hazırlayır, beynelxalq qurumlar, media orqanları, siyasi partiyalarla əməkdaşlıqla bağlı fəaliyyət proqramızın üzərində işləyirik. Biz fəal olaraq yerli hökumətlərlə də işləməyi düşünürük.
loading...