altun.az

“Azərbaycanda keçirilən seçkilər şəffaf, xalqın iradəsiylə olur. Rusiya amili heç vaxt rol oynamır” — SENSASİON MÜSAHİBƏ

27-08-2017, 06:42

“Azərbaycanda keçirilən seçkilər şəffaf, xalqın iradəsiylə olur. Rusiya amili heç vaxt rol oynamır” — SENSASİON MÜSAHİBƏ


Altun.az xəbər verir ki, müstəqil Azərbaycan Respublikasının ilk prezidenti Ayaz Mütəllibov “Ölkə.Az” xəbər portalına müsahibə verib.

Həmin müsahibəni oxuculara təqdim edirik:

“Azərbaycanda keçirilən seçkilərə heç kəs mane ola bilməz”

– Gələn il Azərbaycanda növbəti prezident seçkilərinin keçirilməsi nəzərdə tutulur. Seçki öncəsi vəziyyəti necə qiymətləndirirsiniz?

– Əminəm ki, seçkilər çox yaxşı səviyyədə baş tutacaq, insanlar tam sərbəst şəkildə öz namizədlərinə səs verəcəklər. Azərbaycanda keçirilən seçkilərə də heç kəs mane ola bilməz. Mən burada nə Rusiyanın, nə digər dövlətlərin müdaxilə etmək istəyini görmürəm.

“Azərbaycanda keçirilən seçkilərdə Rusiya amili heç vaxt rol oynamır”

– Bəs Rusiya ilə bağlı bu qədər söz-söhbətlər nədən qaynaqlanır?

– Bilirsiniz, bütün bunlar işi-gücü olmayan adamların yaratdığı söz-söhbətlərdir. Onlar bu yolla özlərinə xal qazanmaq və siyasi səhnədə qalmaq istəyirlər. Səbəb də yalnız budur. Yəni, Azərbaycanda keçirilən seçkilərdə Rusiya amili heç vaxt rol oynamır.

“Mehriban xanım Əliyevanın seçkilərdə iştirak etməyinə çox müsbət baxıram”

– Növbəti prezident seçkilərində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın hakim partiyadan namizəd olacağı barədə fikirlər söylənilir. Eyni zamanda məlumatlar var ki, siz də siyasi partiya yaratmağı düşünürsünüz. Bu cür məlumatlar nə qədər doğrudur?

– Xeyr, mənim siyasi partiya yaratmaq fikrim yoxdur. Ancaq Mehriban xanım Əliyevanın seçkilərdə iştirak etməyinə çox müsbət baxıram. Mehriban xanımın namizədliyi üçün bütün dəstəyi verməyə də hazıram. Hətta, Mehriban xanımın namizədliyi irəli sürülərsə, onun Prezident seçilməsinə dəstək üçün açıq şəkildə mətbuatla xalqa müraciət edə bilərəm. Misal üçün, xalqa başa salmaq olar ki, Mehriban xanım Əliyevanın prezidentliyə namizəd olması Azərbaycana hansı töhfələri verə bilər. İlk növbədə xalqa izah etmək lazımdır ki, Azərbaycana sabitlik hər zaman lazımdır və bu ən vacib məsələdir. Bu gün dünyada baş verən geosiyasi prosesləri görəndə Azərbaycana sabitliyin nə qədər çox lazım olmasının əhəmiyyəti daha da artır. Ümumiyyətlə, beynəlxalq aləmdə baş verən hadisələr bir daha əmin edir ki, Azərbaycana ən çox siyasi sabitlik lazımdır.

Bilirsiniz, problemlər hər bir ölkədə var. Bu gün dünyada elə ölkə tapmaq olmaz ki, orada problemlər olmasın. Təbii ki, dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycanda da bəzi problemlər qalır. Ancaq Azərbaycan ötən əsrin 90-cı illərindəki Azərbaycan deyil. Bu gün müstəqil Azərbaycan çox dəyişib və inkişaf edir. Mənim rəhbərliyim dövründə müxalifət iqtidar əleyhinə açıq radikal mübarizələr aparırdı, xalqın əvəzinə xarici dövlətlərlə məsləhətləşirdi. Bütün bunlar isə Azərbaycan dövlətinin müstəqilliyinə təhdid yaradırdı. Bunun hansı nəticələrə səbəb olduğunu xalqımız gördü. Müasir tariximizdə belə hallara imkan vermək qəti olmaz. Çünki biz Qərb və Şərq arasında yerləşən müstəqil və inkişaf edən ölkəyik. Azərbaycanın yerləşdiyi coğrafi mövqe də tələb edir ki, biz çox ehtiyyatlı olaq. Yəni, elə etməyək ki, bu gün yaşadığımız sabitliyi sabah həsrətlə gözləyək. Xalq olaraq bir olmalıyıq, özümüzə düşmən olmamalıyıq. Ona görə də mən bir ağsaqqal kimi əminliklə deyirəm ki, Azərbaycanda mövcud olan sabitliyi daim qoruyaq. Buna görə kim məni tənqid edirsə etsin! Təcrübəmə əsaslanıb bunu deyirəm. Bu sabitliklə paralel olaraq Azərbaycan öz xarici siyasətini daha da uğurlu aparmalıdır.

– Bu fikirlərinizə görə müxalifət tərəfindən yenə də ciddi tənqid olunacaqsınız. Yəqin ki, bütün bunları nəzərə almısınız...

– Xeyr, müxalifətin mənə hücum etməsindən qəti narahat deyiləm. Mən doğru bildiyim fikirlər söyləyirəm. Yaxşı olar ki, müxalifət elə müxalifətçiliyində qalıb öz işləri ilə məşğul olsun. Ancaq mən bir şəxsiyyət və vətəndaş kimi Mehriban xanım Əliyevaya prezidentliyə namizəd olması üçün açıq dəstək verməyə hazıram.

“Regionçuluq məsələsini birdəfəlik unutmalıyıq”

– Bu fikirlərinizdən sonra bir sıra şəxslər namizədliklə bağlı mövqeyinizə qarşı çıxa bilərlər. Bunu nəzərə almısınızmı?

– Hər birimiz öz vətəndaşlıq borcumuzu yerinə yetirməliyik. Daha kimsə hansı regiondandır, bundan inciyəcək və sairə məsələlərə fikir vermək lazım deyil. Ümumiyyətlə, bu haqda danışmaq belə doğru olmaz. Biz regionçuluq məsələsini birdəfəlik unutmalıyıq. Bu bizə ancaq və ancaq ziyan gətirir. Biz regionçuluq amilinin vurduğu ziyanı hələ ötən əsrin 90-cu illərində görmüşük.

Digər tərəfdən isə xarici qüvvələr bu amildən məharətlə istifadə etməyə çalışırlar. Xarici qüvvələr tarixən də xalqları ən çox regionçuluq amili ilə parçalayıb məhv ediblər. Ona görə də regionçuluq məsələsini tamam unutmaq lazımdır. Hər bir Azərbaycan vətəndaşı azərbaycançılıq naminə çalışmalıdır. Bizim əsas amalımız da budur. Azərbaycanın müstəqillik yaşı hələ elə də böyük deyil ki, biz bu kimi məqamlara nəzər yetirməyək. Bu məsələ hər zaman bizim üçün vacib olmalıdır.

“Azərbaycan Avrasiya İttifaqına qoşulmaqdan əsla çəkinməməlidir”

– Bu yaxınlarda Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bəyan edib ki, ölkəsi Rusiyanın dəvətilə Avrasiya İttifaqına qoşula bilər. Əgər Türkiyə Avrasiya İttifaqına qoşularsa, bu, Azərbaycana nə verə bilər?

– Ümumiyyətlə, mən bütün iqtisadi əməkdaşlıqlara müsbət baxıram. Türkiyənin Avrasiya İttifaqına qoşulmaq istəyini yaxşı anlayıram. Türkiyə bu yolla öz iqtisadiyyatını daha da gücləndirmək istəyir. Hər bir dövlət iqtisadi əlaqələr quranda çalışır ki, bunun faydasını görsün, milli maraqlarına uyğun gəlsin. İqtisadiyyat da siyasətin əsasını təşkil edir. Misal üçün, iqtisadi maraq bizi Qərb ölkələrində mövcud olan yüksək texnologiyaya çatmağa vadar etməlidir. Bunun üçün biz müvafiq qurumların da üzvü ola bilərik. Avrasiya İttifaqı da belə təşkilatlardan biri hesab olunur. Bu gün bir çox böyük dövlətlər Avrasiya İttifaqına qoşulur. Avrasiya Yer kürəsinin ən böyük materikidir və dünya əhalisinin 75 faizi bu regionun payına düşür. Bununla hesablaşmaq lazımdır. Bu böyük təşkilata qoşulmamaq tək qalmaq deməkdir. Azərbaycan da Avrasiya İttifaqına qoşulmaqdan əsla çəkinməməlidir.

“Azərbaycan Avrasiya İttifaqına qoşularsa, Dağlıq Qarabağ probleminin həllinə müsbət olar”

– Azərbaycan Avrasiya İttifaqına qoşularsa, bu, Dağlıq Qarabağ problemi ətrafındakı vəziyyəti dəyişə bilərmi?

– Əlbəttə, hər şey ola bilər. Həm də Azərbaycan üçün müsbət dəyişiklik olar. Bu, regionda siyasi sabitlik və açıqlıq yaradar. Ümumiyyətlə, qapalı qalmaq faydalı deyil. Gərək bütün tərəflərlə açıq siyasət aparasan. Azərbaycan dünyaya nə qədər açılarsa, bir o qədər də müstəqilliyi möhkəm olacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 819 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com