Bugün:

Ekspert: "Həmsədrlər münaqişənin humanitar tərəflərinə daha çox diqqət yetirməlidirlər"

17 avq 2017, 19:41, altun
    Oxunub: 52
Ekspert: "Həmsədrlər münaqişənin humanitar tərəflərinə daha çox diqqət yetirməlidirlər"


"Yaxşı olardı ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ATƏT-in Minsk qrupunun həmsədrləri azərbaycanlı qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qayıtması kimi humanitar məsələlərlə daha çox məşğul olardılar".
Altun.az bildirir ki, bunu Trend-ə amerikalı həmsədr Riçard Hoqlandın son bəyanatlarını şərh edən “Baku Network” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib.
Onun sözlərinə görə, R.Hoqlandın son açıqlamaları daha müsbət xarakter daşıyır: “Açıqlamalarından birində o deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində əsas məsələlərdən biri azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmasıdır. Əslində bu, yenilik deyil, çünki azərbaycanlı məcburi köçkünlər Qarabağa qayıdır və Cocuq Mərcanlı sakinlərinin öz torpaqlarına qayıtması bunun bariz nümunəsidir”.
Amerikalı həmsədrin vurğuladığı güc tətbiq edilməməsi məsələsinə gəldikdə, E.Ələsgərov deyib ki, qaçqınların qayıtmasından sonra bu məsələ aktuallaşacaq: “Münaqişənin həlli prosesində kompomislərdən söhbət gedərkən, qeyd etmək lazımdır ki, Azərbaycan tərəfindən ən böyük kompromis Dağlıq Qarabağ ermənilərinə muxtariyyət verilməsi məsələsidir. Azərbaycan yüksək dərəcəli muxtariyyət verməyə hazırdır. Prinsip etibarilə, Azərbaycan bir çox parametrlərə görə Dağlıq Qarabağ ermənilərinə muxtariyyət verməyə də bilər. Dağlıq Qarabağda əhalinin siyahıya alınmasını keçirmək lazımdır, çünki mənim hesablamalarıma görə, regionda erməni sakinlərin sayı 5 dəfə azalıb”.
R.Hoqlandın açıqlamasında qoşunların qarşıdurma xəttində nəzarət sistemlərinin yerləşdirilməsinin və snayperlərin çəkilməsinin vacibliyi qeyd olunur. Ekspertin fikrincə, bu, insidentlərin sayının azalmasına gətirib çıxarmayacaq.
O vurğulayıb ki, snayperlərin qoşunların qarşıdurma xəttindən çəkilməsi problemin həll yolu deyil: “Çünki erməni əsgərlərin qeyri-döyüş şəraitində ölməsi halları snayper atəşindən ölməsi hallarından qat-qat çoxdur. Amma onlar bütün qurbanları münaqişənin adına yazır. Həqiqətdə isə Ermənistan ordusunda intihar faktları həddən artıqdır. Bu problemi həll etmək üçün ilk növbədə həyat üçün əsas təhlükə mənbəyi olan ön postları yığışdırmaq lazımdır”.
Münaqişənin həlli prosesində etimadın təmin olunmasından danışarkən E.Ələsgərov bildirib ki, bu, mücərrəd anlayışdır və geniş məna daşıyır: “Etimad mövzusuna rusiyalı ekspertlər də toxunur və qeyd edir ki, Azərbaycan Ermənistanla etimad elementlərini təmin etməlidir. Amma məsələ ondadır ki, həmsədr ölkələr öz aralarında etimad yarada bilmir. Nə ABŞ Rusiya ərazisinin 20 faizini işğal edib, nə də Rusiya ABŞ ərazisini. Amma bu ölkələr arasında etimad elementi yoxdur. ABŞ-ın Rusiyaya qarşı sanksiyaları etimadın olmamasına işarə edir”.
loading...