Bugün:

“Prezident İlham Əliyev qarşıya bu hədəfi qoyub” - Bizi NƏLƏR GÖZLƏYİR?

12 avq 2017, 14:52, altun
    Oxunub: 59
“Prezident İlham Əliyev qarşıya bu hədəfi qoyub” - Bizi NƏLƏR GÖZLƏYİR?


Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Qax rayonunda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində qeyri-neft sektorunun inkişafı, işsizliyin və yoxsulluğun azaldılması, həmçinin, ixracın artırılması kimi bir sıra istiqamətlər qeyd olundu.

Dövlət başçısı müşavirədəki çıxışında səsləndirdiyi fikirlər təsdiq edir ki, Azərbaycan iqtisadiyyatında müsbət saldo qeyd olunub.

- Dövlət strateji kənd təsərrüfatı sahələrinin inkişafı üçün öz dəstəyini davam etdirəcək;
- Fermerlər tərəfindən baramaçılığa çox böyük maraq var;
- Tütün istehsalçılarına güzəştli kreditlər veriləcək;
- Azərbaycan xam pambıq, mahlıcla yanaşı, hazır məhsul da ixrac edəcək;

Müşavirədə ön plana çıxan məsələlər bunlardır. Hansı ki, dövlət qeyri-neft sektorunun, eləcə də kənd təsərrüfatının inkişafı üçün əlindən gələni edir. Bunun nəticəsidir ki, son bir ildə ölkə iqtisadiyyatında ciddi artımlar müşahidə olunub. Kənd təsərrüfatı ixracı 40 faizdən çox artıb. 2017-ci ilin ilk yarımilliyində Azərbaycana 5 milyard investisiya qoyulub. Yoxsulluq və işsizlik azalıb, regionlarda yeni iş yerlərinin yaradılması prosesi sürətlənib. Hesab etmək olar ki, yaxın dövrdə Azərbaycan xalqının hər bir fərdi öz gündəlik həyatında yuxarıda sadalananların təsirini görəcək. Çünki son bir ildə həyata keçirilən işlərin bəhrəsini bu gün görürük.

2 milyarda yaxın ixrac

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Publika.az-a açıqlamasında bildirib ki, qeyri-neft sektorunun inkişafı üçün dövlət bütün şəraiti yaradıb və bunun nəticələri aydın görünür: “2017-ci ilin ilk altı ayının göstəriciləri də bunu deməyə əsas verir. Bu müddət ərzində ixrac artıb. Halbuki, son bir ilə qədər Azərbaycan bir çox strateji məhsulu idxal edirdi. İndi isə vəziyyət əksinədir. İdxal kəskin azalıb. İxracda 1,7 milyard manata yaxın müsbət saldo qeydə alınıb”.

Azərbaycan bu məhsulları dünya brendi edir

V.Əhmədov qeyd edib ki, əsas məqsəd Azərbaycanda daim becərilmiş məhsulların istehsalını artırmaq və ixrac etməkdir: “Prezident İlham Əliyev qarşıya bu hədəfi qoyub. Misal üçün, fındıqçılıqda dünyada üçüncü yerə çıxmalıyıq. Eləcə də tütün və barama istehsalını da artırmalıyıq. Bunlar əziyyət tələb edən məhsullardır, lakin Azərbaycanda bu məhsulların becərilməsi təcrübəsi böyükdür. Bu sahələrə dövlət xüsusi diqqət göstərir, sahibkarlara hər cür şərait yaradılır”.

Əsas hədəf

Milli Məclisin üzvü əsas prinsiplərdən birinin işsizliyin tamamilə aradan qaldırılması olduğunu diqqətə çatdırıb.

“İşlək əhalinin 38 faizi kəndlərdə, rayonlarda yaşayır. Bu, böyük rəqəmdir. Buna görə də dövlət bu istiqamətə diqqətini artırır. Lakin rayon icra hakimiyyətləri də məsuliyyətli olmalıdır. Çünki dövlət başçısı lazım olan bütün dəstəyi göstərir, yerlərdə bunun icrası düzgün aparılmalıdır. Qeyri-neft sektorunun inkişafının əsas hədəflərindən biri də ixracın artırılmalıdır. Yəni həm daxili tələbat ödənilir, həm də ixrac edilir. İxracın təşviqi ilə bağlı dövlət tərəfindən bir sıra addımlar atılıb və bu davam edəcək”, - deyə deputat qeyd edib.

Bir ildə dəyişənlər

V.Əhmədov dünyada neftin qiymətinin aşağı düşməsindən və Azərbaycan iqtisadiyyatında yaranmış çətinliklərdən sonra atılan addımlara da diqqət çəkib: “Devalvasiya oldu və bunu xüsusi bank sektoruna təsiri nəzərə çarpdı. Lakin dövlət başçısının apardığı siyasət nəticəsində müsbət artım var. Xüsusi proqramlar qəbul edildi, qeyri-neft sektoru və kənd təsərrüfatına diqqət daha da artırıldı, 11 istiqamət üzrə strateji yol xəritəsi hazırlandı, pul-kredit sistemi sərtləşdirildi. Bu ilin son iki-üç ayı ərzində manatın məzənnəsi gücləndirilib. İdxal kəskin azalıb, ixrac artıb. Göstərilər deməyə əsas verir ki, dövlət başçısının apardığı iqtisadi siyasət tamamilə düzgündür”.
loading...