Bugün:

Mikayıl Müşfiqin dəlicəsinə aşiq olduğu 16 yaşlı GİZLİ SEVGİLİSİ KİM İDİ? - İlk dəfə eşidəcəyiniz FAKTLAR

14 avq 2017, 19:32, altun
    Oxunub: 47
Mikayıl Müşfiqin dəlicəsinə aşiq olduğu 16 yaşlı GİZLİ SEVGİLİSİ KİM İDİ? - İlk dəfə eşidəcəyiniz FAKTLAR

Bu yay Mikayıl Müşfiqin 109 yaşı tamamlandı. Həmişə cavan qalan eşq şairini nəinki saçının, saqqalının bəyazlaşan dövründə heç orta yaşlarında da görən olmayıb. Onun ahıl illərinin nə şəkilləri var, nə də xatirələri. Çünki Müşfiq qocalmayıb, həyatının ən qızğın, yaradıcılıqla aşıb daşan dövründə, ömrünün 29-cu baharında gündən-günə gözəlləşən, yerlə çarpışıb, göylə əlləşən dünyadan əl çəkib, qaranlıq məzara köçüb.
Bu qısa müddət ərzində Mikayıl Müşfiq Azərbaycan ədəbiyyatına füsunkar gənclik təravəti bəxş edib. Həyata, bəşəriyyətə dərin sevginin təcəssümü olan bir-birindən zərif misralar qələmə alıb.
“Küləklər”, “Duyğu yarpaqları”, “Ana”, “Sənə qurban” və onlarla digər dillər əzbəri olan ədəbiyyat nümumunələri Müşfiqin daxili aləmini, hiss və ehtiraslarını necə gözəl tərənnüm edir. Şairin “Yenə o bağ olaydı” əsəri isə bir başqa aləmdir. Bu əsər Müşfiqin özünü, onun daxili aləmini daha gözəl ifadə edir.
Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Saf sevgi, vüsal həsrəti və nisgilin hakim kəsildiyi bu poetik simfoniyanı xalqımız çox sevir, elə Müşfiqin özü qədər.
Hər dəfə bu şeir səslənəndə ruhumuz bir anlıq Müşfiqin məharətlə təsvir etdiyi o bağın, dənizin üzərində pərvaz edir.
“Yenə o bağ olaydı” incisinin çox kövrək və maraqlı tarixçəsi var.
İlk müsahibimiz Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin Beynəlxalq Əlaqələr və Tərbiyə işləri üzrə prorektoru Gülşən Kəngərlidir.
- Gülşən xanım, universitetdə Ədəbiyyat fənnini tədris etdiyiniz müddətdə, tələbələrinizə Mikayıl Müşfiqdən xüsusi incəlik və məhəbbətlə bəhs edirsiniz. “Yenə o bağ olaydı” şeirinin tarixçəsindən o qədər maraqla danışırdınız ki, hər kəs sizinlə birgə Müşfiq dünyasına bir daha səyahət edirdi...
- Mənə elə gəlir ki, Mikayıl Müşfiq “Yenə o bağ olaydı” şeirinin içərisindən boylanıb gələcəyə baxır. Bilirsiniz, Mikayıl Müşfiqin fədakar tədqiqatçısı Gülhüseyn Hüseynoğlu belə bir etiraf edib: “Mənə altı qadın yaxınlaşıb və bu əsərin onlara həsr edildiyini bildirib”. Lakin şeir nəinki həmin xanımlara, heç Müşfiqin öz qadını Dilbərə də həsr olunmayıb.
Dilbər xanım özü də bunu etiraf edirdi: “Müşfiq bütün məhəbbət şeirlərini mənə həsr etməyib. Məndən əvvəl yazdıqları da vardı. İkincisi də, Müşfiq surətpərəst idi. Hətta bir dəfə görüb gözəlliyinə heyran qaldığı qıza da məhəbbət şeiri yaza bilərdi. Nəinki bircə dəfə rastına çıxan, hətta həytda, yuxusunda gördüyü pərilərə də şeir həsr etdiyi olub”.
Dilbər xanım qeyd edirdi ki, dəfələrlə Mikayıl yuxudan oyanıb, dərhal qələm götürüb birnəfəsə uzun bir şeiri kağıza köçürərdi.
- Maraqlıdır Dilbər xanım bu şeirin kimə həsr olunduğunu lap əvvəldən bilirmiş?
- Çox güman ki bəli, bilirdi.

“Yenə o bağ olaydı” şeirində Müşfiqin dostlarının 1936-cı ildə keçirdikləri ən son xoşbəxt yaydan bəhs olunur. Həmin yay Rəsul Rzanın və Ənvər Məmmədxanlının Pirşağıda kirayələdikləri bağa ən çox gələn Mikayıl Müşfiq olub. Müşfiq dostu Ənvərin anasına “ana” deyər, başını onun sinəsinə qoyub, anasızlığının acısını ovundurarmış. Bu bağa kimlər gəlmirdi ki?! Hüseyn Cavid, Əhməd Cavad, Əliağa Vahid, Sabit Rəhman, Məmməd Arif, bir sözlə ədəbiyyatın qaymaqları...
Söz ustadları axşamlar bağa toplaşar, ən son şeirlərini oxuyarmışlar.

28 yaşlı Müşfiqə “Yenə o bağ olaydı” şeirini yazdıran ilham pərisi isə Ənvər Məmmədxanlının 16 yaşlı kiçik bacısı Arifə olub.
Müşfiq həm də Arifə oxuyan məktəbdə ədəbiyyat müəllimi işləyirmiş. Arifə xanım etiraf edirdi ki, öncə qardaşından, sonra isə həyat yoldaşının qısqanclığından çəkinərək şeiri Müşfiqin məhz ona yazdığını etiraf etməyib. O, bu sirri düz 50 il sonra bacısı Həbibəyə, ölüm ayağında olarkən isə millət vəkili Rafael Hüseynova açıb.

Arifə xanımın ölümlə çarpışan günlərində sirrini bölüşdüyü millət vəkili Rafael Hüseynovun da bu mövzuda dəyərli fikirlərini öyrəndik.
- Bəli, bu məsələni aşkara çıxaran ilk şəxs mənəm. Bu haqda kitabımda geniş məlumat vermişəm.
Arifə xanım ölümündən az əvvəl belə bir etiraf etdi: “Bir gün dərsdən evə qayıdırdım. Sabir bağınının yanında onunla üz-üzə gəldim. Dedi: “Ba, nə xoş təsadüf. Nə yaxşı oldu səni gördüm. Məndə sənə çatası bir şeir var. O şeiri verəcəyəm sənə”. Bükülmüş dəftər kağızı idi. Verdi, mən də alıb, qoydum çantama.
Sonra açıb baxanda gördüm ki, yuxarısında yazıb: “Arifəyə. Yenə o bağ olaydı”. Ürəyimdə dedim bizim bağı yazıb, bu? Oxuyub gördüm ki, bağda nə olubsa hamısı bu şeirdədir. Uzun müddət şeir məndə qaldı”.
Bu incə misraların bəxtəvər sahibəsi haqda məlumatı Rafael Hüseynov Arifə xanımın istəyilə onun ölümündən sonra üzə çıxarıb.
Rafael Hüseynovla Arifə xanımın söhbətindən bir fraqmenti təqdim edirik:
Bu söhbət 1994-cü ildə lentə alınıb - xərçəng xəstəliyi tapan Arifə xanımın həyatının qürubunda.
- 36-nın yayından danışın, Arifə xanım.
- Eh, ay Rafael, nə deyim, yaxşı günümüz onda getdi. Ən yaxşı yayımız onunla bitdi. Yazıq Müşfiq o sehirli gecələrin bəzəyiydi. Romantik idi. Adi adamlar, hətta o biri şairlər kimi də deyildi. Nəsə tamam başqa cür idi o. Çox şən oğlan idi yazıq. Sizlər onu görmədiniz.
- Onun sizə münasibətindən danışın bir az.
- Ee, yaxşı da, Rafael, yox. Yenə başladın?..
- Ay Arifə xanım, bax o vaxt gördüz ki, üstüörtülü yazdım, ad-filan çəkmədim. Amma özümçün, tarixçün bilim də. Nə var axı burada?
- Bizim aramızda heç nə olmayıb, bir elə o şeirdir..
- Mən o qumu da başa düşürəm, voleybol torunu da, həyətinizin gözəlliyini də. Amma Müşfiq bunu doğurdan həyətə görə deyirdi, yoxsa sizə görə?
- Vallah, bilmirəm nəyə görə deyirdi.
- Yox, yenə də bilim də, boynunuza alın...
- Vallah, bilirsən, bir o deyildi axı, hamı bizim həyətə yığılırdı.
- Bəs axı kişi o boyda poema yazıb sizə.
- Nə yazıb ki, əşi...
- Az yazıb?
- Yox e, vallah, bağda mən heç nə hiss eləmirdim. Onu da mənə sonra verdi. Bağa gələn kimi oturub başlayardı şeir oxumağa, biz də uşaq idik, ağzımızı açıb qulaq asardıq. Mən Müşfiqi Rəsul kimi, Ənvər kimi sayırdım. Bilirdim onların dostudur da. Onu müqəddəs bir adam bilirdim. Ürəyimdə ona ayrı bir hiss yox idi. Onda nə idi e, 16-17 yaşım vardı. O nə bilim neçə yaşındaydı - 27 idi, neçəydi. Cavan oğlan idi...

Heç vaxt reallaşmayacaq ülvi məhəbbətin, həyata keçməsi müşkül olan arzuların canlandığı bu ədəbi incini təbliğ edənlər arasında xalq artistimiz Rasim Balayev də var.
“Yenə o bağ olaydı” şeirindən bəhs edərkən sevimli aktyorumuzun fikirlərini öyrənməmək olmazdı.
- Rasim bəy, tamaşaçılar bu şeiri sizin ifanızda çox sevirlər. Müşfiq irsinin bu dəyərli incisi haqda nə deyə bilərsiniz?
- Mən Mikayıl Müşfiqə gəncliyimdən bəri aludəyəm. Yadımdadır ali məktəbə qəbul olunmaq üçün qabiliyyət imtahanı vermək lazım idi. Məndən öncə gələn uşaqlar, partiyadan, rəhbərə sevgidən pafoslu şeirlər dilə gətirirdilər. Növbə mənə çatanda gəlib durdum müəllimlərin önündə və
- Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,
Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.
Bunları seyr edərkən
Bir az fikrə gedərkən
Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,
Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş...
misralarını sakitcə səsləndirməyə başladım. İndi dəqiq xatırlamıram, amma müəllimlərimdən biri dərindən ah çəkib: “Ruhumuz sakitləşdi”- dedi. O imtahandan 5 aldım. Ondan sonra Müşfiqin şeirlərini sıra ilə əzbərləməyə başladım.
- Yenə o bağ olaydı şeiri sizin dilinizdən çox gözəl səslənib.

- Bu şeiri gəncliyimdən bəri söyləyirəm. Hər dəfə dilə gətirəndə Müşfiq poeziyasının zirvəsinə qalxmaq şərəfinə nail oluram. Onun yazıları həm çox sadə eyni zamanda isə mürəkkəb, fikirləri isə səmimidir. Mikayıl Müşfiq xalqın şairi idi, ona görə el dilinə yaxın yazırdı əsərlərini.
- Rasim bəy bu əsəri tez-tez xanımlar da söyləyirlər. Gənc kişinin hiss və ehtiraslarını tərənnüm edən bu misraları qadının səsləndirməsinə necə baxırsınız?
Yenə o bağ olaydı, yenə o qumlu sahil,
Sular ötəydi dil-dil.
Saçın kimi qıvrılan, dalğalara dalaydım,
Dalıb ilham alaydım.
Əndamını həvəslə, qucaqlarkən dalğalar,
Qəlbimdə qasırğalar,
Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,
Məni hirsim boğaydı.
Cumub alaydım səni dalğaların əlindəni,
Yapışaydım belindən.
Xəyalımız üzəydi, sevda dənizlərində,
Ləpələr üzərində,
İlhamımın yelkəni, zərrin saçın olaydı,
Sular xırçın olaydı.
Sizcə, bu misraları bir qadının dilə gətirməsi nə dərəcədə doğrudur? İncəsənətin bəzi qaydaları var ki, onları pozmağa haqqımız yoxdur. Düşünürəm ki, bu “kişi” şeiridir.

Sevilən əsəsrin maraqlı və estetik ifalarından bir də telejurnalist Elçin Əlibəyli ilə Arzu Qasımova duetinə aiddir.
- Elçin bəy, ifanızda “Yenə o bağ olaydı” əsərinə yeni nəfəs gətirmisiniz. Bəs nə yaxşı duet halında səsləndirdiniz şeiri?
- Fikir vermisinizsə bizim ifamız iki yöndədir. Yəni bütün ehtirasını qabardıb, aşiq olduğu qızı cilovlamağa çalışan gənc və bu hislərdən qaçıb, söhbəti bəşəri sevgi məcrasına salan utancaq qız.
Düşünürəm ki, Mikayıl Müşfiq Azərbaycan ədəbiyyatının ən güclü nümayəndələrindən biridir. Onun yaradıcılığında həm şərq, həm də rus şeiriyyatının nəfəsi duyulur. Bəlkə də bu səbəbdəndir ki, Sovet dövrü kimi sərt illərdə şair bütün ehtirasını çılpaqlığı və zərifliyi ilə şeirlərinə köçürə bilib. “Yenə o bağ olaydı” əsərində hər şey var: sevgi, nisgil və ən əsası bədii erotika. Bu misralara hakim kəsilən erotik hisslər misralar boyunca daha da şiddətlənir və pik həddə çatır. Şeiri izləyicilərə sevdirən əsas səbəblərdən biri də budur.

Həqiqətən Müşfiqin şeirlərində qəribə bir rahatlıq, güclü romantika var. Onun ölüm tarixi yoxdur əslində. Müşfiq sağdır, yaşayır, yaradır. Hər yeni nəsillə bir daha doğulur. Şeiriyyatın ən uca zirvəsini fəth edir.
Leyla Sarabi
loading...