Bugün:

Bir yuvanı dağıtmışam bilmədən

10 fev 2017, 09:09, gunes
    Oxunub: 293
Bir yuvanı dağıtmışam, bilmədən.
Ey Allahım, günahımdan keçginən.
Bir yuvanı dağıtmışam - nə günah,
Neçə canlı əzab çəkdi bu sabah.
Viran oldu varlarıydı hər nəyi
Heçə getdi neçə kəsin əməyi.
Bəlkə qaldı uçqun altda körpələr,
Heç bilmədim necə oldu, nə təhər?
O yuvanı mən qura bilərəmmi?
Yol edim, ora-bura, bilərəmmi?
Bacarmaram, bu deyil heç asan iş,
Hardan ola çıxış, haradan giriş?
Hər kəsə əzizdir dogma yuvası,
Sökmək bir anlıqdır, çətin qurması.
Bir addım atarkən düşünək bunu,
Yuva dağıtmağın pis olar sonu.
Mələklər yazacaq sol çiynimizə,
Pis əməllər yaman olacaq bizə.
Qəsdən olmasa da sayılır günah
Çünki var burada nalə, fəryad, ah.
Dağılan qarışqa yuvası idi,
Əzilən qarışqa balası idi.
Axıtdım bilmədən neçə göz yaşı,
Ayrı saldım neçə bacı-qardaşı.
Zəhmətlə yığılan yem ziyan oldu,
Ac qaldı balalar, pərişan oldu.
Kaş qura biləydim yuva yenidən,
Bilmərəm, olsam da “ali insan” mən.
Bizdə yoxdur onda olan fərasət
Allah ancaq ona etmişdir qismət.
Özü kömək olsun ona, onu Yaradan
Qursun yuvasını o, tez bir zaman.
Qəsdən bu günahı etmədiyimçün
Bağışlar məni də, bəlkə də bir gün.

13. 04.2016
Zümrüd GÜNƏŞ
loading...