Bugün:
Altun.az


““Unitaz” ölkə, dözümlü mən... ” - SARKAZM - SƏBRİN QAYA ÇATLADAN HƏYATI

20 dek 2016, 00:57, Azay
    Oxunub: 601
Çox keçmədi uzunmüddətli xoşbəxtlik. Cəlaləddin Ruminin “Çıxacağım yerə səbri nərdivan edirəm” fikri ilə illərdir yaşamağa çalışsa da, çatmaq istədiyi yüksəklik hər gün Səbrdən uzaqlaşdı. Zirvələrə ucalan ölkəsinin kəskin enişə keçid etməsi onun bütün ümid sərhədlərini biraz da məhdudlaşdırdı. Sonda ilham pərilərini ayaqyollarında tapan dahilərə özənərək, özünü günlərcə ora kilitlədi və suallar silsiləsindən cavablar axtarmağa başladı.

“Mən kiməm? Harada yaşayıram? Nəyə görə çatmaq istədiyim xəyallarım mənə yuxularımda tez-tez görünür? Bu ayaqyolu mənim suallarımın cavabı ola bilərmi? Bəlkə hər şey qaydasındadır, yolunda getməyən tək mənim işlərimdir? Yox! Bu ola bilməz! Deyəsən, mən havalanıram. Bu pisliklərlə dolu üfunətli mühitlə mənim böyüdüyüm həyat arasında nə bağlılıq ola bilər? Bəlkə buradan çıxıb, normal yollarla dərdimin əlacını tapım?”

Səbr sualların beynindəki səs-küyü ilə qeyri-iradi yuxuya dalır. Səbəbinin nə olduğunu anlamadan, özünü unitazı qucaqlayaraq yatdığını və doğulduğu andan əslində orada yaşayıb, böyüdüyünü görməyə başlayır. Necə ola bilərdi axı, o sadəcə bura təbii ehtiyacından girmişdi. Sən demə, bu yaşam onun öz dünyası imiş! Düşünür... Çox düşünür... və reallığı qəbullanmağa başlayır. “Niyə də olmasın? ” - bu ayaqyolu ona bir həyat bəxş edib axı. O, dəqiqəsi 50 dirhəmdən bütün keçimini onunla ərsəyə gətirib. Hər kəs onun evini bulayır. Üfunət qoxusu onun havası, sifon isə yenidən özünə qayıdışı olub. Sonda isə aldığı əməkhaqqı “buna da şükür" dedizdirib başını sığallayıb. Həyatın ağrılarına sinəsini parçalayaraq, duruş gətirib. Zənginlərin ehtiyacını ödəyən bir əlavə olaraq dünyada özfəalliyyətini qurub.

Çox keçmir ki, Səbr yuxudaykən başını bilmədən “unitaza” vuraraq diksinir. Ayağa qalxıb, yuxunun da verdiyi şokla özünü çölə, insanların, gerçək həyatın içinə atır. Bu əsrarəngiz yuxusunu isə heç vaxt heç kimə danışmır. Amma yatmamışdan öncəsiylə sonrası arasında tək bir fərqi hiss edir. O, artıq mənən rahat idi. Niyə də olmasın? Axı o, ən azından, unitazla yaşadığı diyar arasındakı bağlılığı anlayan yeganə hissiyat idi...

P.S: Səbri, hövsələni unudan insan,
Ağıldan, şüurdan açmasın dastan. (Nizami Gəncəvi)
Səbrinizi unutmayın, o reallığı görən yeganə dayağınızdır.

Altun.az: Azay SÜLEYMANOĞLU