Bugün:
Altun.az


“Özünüzə laqeydsinizsə” – BU YAZINI OXUMAYIN – KÖŞƏ

22 noy 2016, 01:12, Azay
    [declination=1 208]Oxunub: | [/declination]1 208
“Zövqlərin ən gözəli elmdən alınan zövqdür “ kəlamı qulağa xoş gəlsə də, zəmanəyə tərs gedir. Zövqlər dəyişir və yeni maraqlar formalaşır deyə elm də məcbur qucaq-qucaq gəzməyə başlayır. Misradan sətirə, sətirdən romana, romandan kitaba, kitabdan cibə və cibdən cibə dolanan elm o qədər zəngin “kaşloklara” vərdiş etdi ki, artıq o yenidən kamil inkişaf üçün zəngin misralara qayıtmaq istəmir... Biraz da yeni sətirdən zəmanəyə keçid edək və özümüzə nə qədər laqeyd olub-olmadığımızın faiz nisbətinə baxaq.

2 il baxça, 11 il məktəb, 4 və ya 5 il universitet, imkan üzümüzə gülərsə, daha sonra magistratura, aspirantura, doktorantura və s. zehni bazamızı təkmilləşdiririk. İnkişaf edirik. Bəs nəticə? Əziz bu sadaladığım mərhələlərdən keçən şəxslər, özünüzə heç sual vermisinizmi ki, bu qədər illər ərzində zəhmətlə, əzab-əziyyətlə xərclərini ödəyib, əldə etdiyiniz diplomlarınızla indi haradasınız? Fikirləşməyin! Onsuz da obyektiv cavabı indi istəsəniz də düşünüb, verə bilməyəcəksiniz: "İndi bucur desəm, filankəs də mənim rəyimi oxuyacaq, əslində mənim mən olmadığımı biləcək" hissiylə fərqli fikirlər səsləndirəcəksiniz. Özünüzü inandırmağa çalışdığınız yalanlar daha cəlbedici gələcək sizə. Buna görə də cavabı indi yox, səhər yuxudan oyanıb, inşaata, bazara, yol çəkməyə, kanalizasiya açmağa, mühafizəyə, sükan arxasına keçməyə, qab yumağa, ayaqqabı təmir etməyə və s., bir sözlə, çörəyiniz hansı sahədən çıxırsa, ora gedərkən beş dəqiqənizi ayırıb, keçin o "mübarək" diplomunuzla güzgünün önünə. Səsləndirin illərdir qaçmağa çalışdığınız o sualları özünüzə. Qorxunun qulu olmaq köləliyin ən dəhşətli növüdür. Qorxularınızla savaşmağa cəhd edin.

Mənə “Dərmanın var, öz başına sürt” deyənlər də var aranızda, bilirəm. Neyləmək olar, problem “başımdadırsa”, dərmana nə ümid? Yəni tək əlin verdiyi səs çaydandan çıxan buğ kimidir. Mən də sizlər kimi qazanda bişənə aqzımı silə-silə, gözümdə yaş, misgin ümidlərlə baxıram. Ağlayıram. Amma ona görə yox ki, qazanda bişəndən mənə çatmır. Ağlayıram ona görə ki, qazanda qovrulan gələcək ümidlər, rəngarəng arzular, yaşanmamış talelərdir. Ağlayıram ona görə ki, bu gün yaşamaq üçün oxumaq, işləmək üçün təhsil almaq, əldə etmək üçün istəmək lazım deyil. Artıq həyatınız siz bilmədən və ya istəmədən kimlərsə tərəfindən yönləndirilir...

Fikir verin, ali təhsil alıb, diplom əldə etmək sizi birbaşa işləməyə hazır olduğunuzun göstəricisi sayılmır. İrəlidə iş üçün ayrıca hazırlaşmalı, fərqli sahələr üzrə bilgilənməli, yenidən 200 manatlıq vakansiyalı işə daxil ola bilməkçün imtahan verib, min bir əziyyətdən keçməlisiniz. Və ya başqa bir misal: Siz təhsil aldığınız dövlət universitetindən illik təhsil haqqını imkansızlıq üzündən ödəyə bilmədiyiniz üçün rahatlıqla qovulurusunuz. Təhsil Nazirliyi isə açıqlama verir ki, buna biz qarışa bilmərik, bu tamamilə universitetlərin daxili nizamnaməsi ilə təyin olunan bir məsələdir. Anlaya bilmirsən ki, bu universitetlər hansı dövlətin maraqlarına, kimlərin sifarişinə, nələrin xatirinə xidmətini təşkil edib ki, daha yolun əvvəlində olan bir tələbəni, xalqın gələcəyini, intellektual potensialını, pulu olmadığı üçün 15 ili ilə birlikdə rahatlıqla tərkibindən kənarlaşdıra bilir? Gəncləri labirint çıxılmazına salan universitetlər nəyə görə tələbələrin müəyyən illərdə ödədiyi təhsil haqlarını onlara geri qaytarmır? Qanunvericilikdə təktərəfli nəzərdə tutulan “sərfetmə” qanunlara niyə bu yöndə əlavə və dəyişikliklər edilmir? Universitetlərdən yarımçıq təhsil haqqı ucbatından qovulan tələbələrə niyə kompensasiya ödənilmir? Məgər 15 illik bir estafeti heçə sayıb, ayaqaltı etmək insan hüquqlarının pozulması deyil? Görəsən niyə nazirlik kimi qocaman bir qurum qonşu ölkənin taleyi həll edilirmişcəsinə məsələyə laqeyd qala bilir? Suallara uyğun və düzgün cavabı tapsanız hərkəslə bölüşün. Çünki xoşbəxtlik onu görmədən itirib, var olərkən dəyərini bilməyənlərçün daha qiymətlidir...

P.S: Və bunu edərkən də qorxmayın. Bilirəm, insanların çoxu itirməkdən qorxduğu üçün sevməkdən qorxur, məsuliyyət hiss etdiyi üçün düşünməkdən qorxur, tənqid edilməkdən qorxduğu üçün danışmaqdan qorxur, gəncliyinin qiymətini bilmədiyi üçün qocalmaqdan qorxur, dünyaya bir şey vermədiyi üçün unudulmaqdan qorxur, bir sözlə, yaşamağı bacarmadığı üçün ölməkdən qorxur.

Altun.az: Azay SÜLEYMANOĞLU