Bugün:
Altun.az


Qəlb yıxılmaz saray olar yar vəfadar olan yerdə - ŞEİR

27 okt 2016, 20:24, gunes
    Oxunub: 54
Qəlb yıxılmaz saray olar yar vəfadar olan yerdə

Könlüm ah-fəğan eyləməz sevgili yar olan yerdə
Gözlərində mənə qarşı eşq aşikar olan yerdə.

Dindir məni, yar, sevgiylə, süzülsün gözlərindən eşq,
Bax məhəbbət ilə hər an sənə düçar olan yerdə.

Yar yarını acı sözlə qəlbi qan, bimar eyləyər,
Ancaq ki, gözləri gülməz, yarı bimar olan yerdə.

Qəlbin qapısıdır gözlər, buyursun gəlsin bircə yar,
Əyləşsin baş kəcavədə, xoş arzular olan yerdə.

Oynasın şən diləklərim, nazlı rəqqasələr kimi
Qəlb yıxılmaz saray olar, yar vəfadar olan yerdə.

Açılmaz gözlər hər dəm bil, nurun yaymaz şən, bəxtəvər
Açılar taybatay, yalnız sevgi açar olan yerdə.

Yaşa qəlbimdə rahətcə, ruhum qılsın sənə səcdə
Bilmərəm mən ki, nədir dərd, təbib-dildar olan yerdə.

Buraxmam gözlərimdən mən, keçmək istərsə də bir kəs,
Çünki gədalar heç nədir padişah var olan yerdə.

Dəlib-deşmə gəl qəlbimi, itər eşqim xəzinəndən
Eşqim ən qiymətli bir qaş, dürr-qızıllar olan yerdə.

Gər ki, yarim, incimə heç, talan etsən sarayımı
Zümrüd səni qoymaz bir an, eşq tarimar olan yerdə.

Zümrüd GÜNƏŞ
22.10.1993