Bugün:

Astarada yeni çəltik emalı və qablaşdırılması zavodu inşa ediləcək

03 sen 2017, 18:41, altun
    Oxunub: 52
Astarada yeni çəltik emalı və qablaşdırılması zavodu inşa ediləcək

"Astarada yeni çəltik emalı və qablaşdırılması zavodu inşa ediləcək".
Altun.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev deyib.
O bildirib: "Möhtərəm cənab Prezident. Son illərdə ölkəmizdə kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyi digər bölgələrimizdə olduğu kimi, Astara rayonunda da aqrar sektorun inkişafına böyük təkan verib".
Q.Ağayev qeyd edib ki, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, o cümlədən fermerlərə güzəştli kreditlərin, subsidiyaların və investisiya təşviqi sənədlərinin verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi bu il rayonumuzda ümumi əkin sahəsinin 10 min hektara çatdırılmasına səbəb olub: "Bu da rayonumuzun əkinəyararlı torpaq sahəsinin 75 faizini təşkil edir. Çalışırıq ki, rayonumuzda əkinəyararlı torpaq sahələri istifadəsiz qalmasın. Bu məqsədlə ilk olaraq mülayim-subtropik iqlim qurşağında yerləşən rayonumuz üçün ənənəvi olan çayçılıq, sitrusçuluq və çəltikçilik sahələrinin inkişaf etdirilməsini prioritet məsələ kimi qarşıya qoymuşuq.
Cənab Prezident, rayonumuz üçün əsas ənənəvi istehsal sahəsi sitrusçuluqdur. Hazırda rayonumuzda əvvəlki illərlə müqayisədə 8 dəfə çox - 2350 hektar sitrus bağı var ki, onun da 425 hektarı ötən il salınıb. Keçən il bu bağlardan 44 min ton sitrus meyvələri tədarük olunub. Cari ildə isə məhsulun daha çox olması gözlənilir. Məlumat üçün bildirim ki, bu sahədə çalışanların sayı 11 min nəfərdən çoxdur".
İH başçısı vurğulayıb ki, aqrar sahəni, xüsusən də sitrusçuluğu innovasiyalar tətbiq etmədən, xarici ölkələrin qabaqcıl təcrübəsini öyrənmədən inkişaf etdirmək qeyri-mümkündür: "Bu məqsədlə cari ilin aprel və iyun aylarında rayonumuzda sitrus məhsulları istehsalçıları üçün təşkil edilən seminara Türkiyənin Subtropik Meyvəçilik Mərkəzinin alimləri dəvət olunmuşdular. Qabaqcıl təcrübələri barədə məlumat verən qonaqlar rayonun sitrus bağlarında olmuş, sitrusçuluğun səmərəliliyini artırmaq üçün yeni növ tinglərin əkilməsini tövsiyə etmişlər. Bu məqsədlə rayona 10 mindən artıq yüksək məhsuldarlığı və şaxtaya davamlılığı ilə seçilən "Satsuma" yapon sortu narıngi və limon tingləri gətirilərək əkilib. Mövcud sitrus bağlarının tədricən yeni növ tinglərlə əvəzlənməsi qarşıya vəzifə kimi qoyulub. Bu da, öz növbəsində, gələcəkdə məhsuldarlığın artmasına böyük təkan verəcək".
O qeyd edib ki, yeni məhsuldar sortların gətirilməsi və müasir tingçilik təsərrüfatlarının yaradılması, ixtisaslı mütəxəssislərin hazırlanması bu sahədə çalışan fermerlərə, torpaq mülkiyyətçilərinə imkan verərdi ki, öz təsərrüfatlarını daha da genişləndirsinlər:
"Cənab Prezident, rayonumuz üçün ən perspektivli sahələrdən biri də çayçılıqdır. Ötən əsrin 70-80-ci illərində çayçılıq Astara rayonunda ən yüksək inkişaf mərhələsinə çatmış, 3 min hektar çay plantasiyasından 7 min tona qədər məhsul istehsal edilmişdi. Həmin dövrdə çay plantasiyalarında işləyənlərin sayı 12 min nəfərdən çox olmuşdu. 1990-cı illərin əvvəllərində diqqətdən kənarda qalan çay sahələri tədricən sıradan çıxmışdır. Torpaq islahatı aparılan zaman çayçılıq üçün əlverişli olan torpaqlar sakinlərə pay torpağı, çay kolları isə əmlak kimi verilmişdir. Pay torpağından tədarük etdiyi yaşıl kütləni təhvil verməyə yer tapmayan mülkiyyətçi çox əziyyətlər bahasına başa gəlmiş və məhsuldarlığının ən yüksək mərhələsində olan kolları qıraraq oduncaq kimi istifadə etmişdir. Hazırda rayonumuzda mövcud olan 345 hektar çay plantasiyasından 188 hektarı bərpa olunan, 157 hektarı isə yeni salınan çay sahələridir. Ötən il 1500-dək sakinimizin çalışdığı plantasiyalardan 646 ton yaşıl çay yarpağı tədarük edilib. Cari ildə isə bu göstəricinin 1000 tona çatdırılması nəzərdə tutulur.
2015-ci ilin aprel ayında "Astaraçay" çay emalı fabrikinin açılışı zamanı qeyd etdiniz ki, "Əminəm ki, vaxt gələcək Azərbaycan öz çayını daha da böyük həcmdə dünya bazarlarına çıxaracaqdır". Sizin bu çağırışınızdan ruhlanan çayçılarımız rayonumuzun əvvəlki şöhrətini qaytarmaq əzmindədirlər.
Cənab Prezident, son illər diqqətdən kənarda qalan, kənd təsərrüfatının ən gəlirli sahələrindən biri də çəltikçilikdir. Aqrar sahəyə olan dövlət dəstəyi və aparılan maarifləndirmə işlərinin nəticəsidir ki, son iki ildə çəltik əkini 7 dəfədən çox artırılaraq 450 hektara çatdırılıb. Aqrotexniki qulluğun yaxşılaşdırılması, daha məhsuldar toxumun əkilməsi ilə bu il 2 min tona yaxın çəltik istehsalı gözlənilir. Artıq çəltik yığımına başlanıb, bu günə olan məlumata görə, sahələrdən 1750 ton məhsul yığılıb və biçin davam edir. Bu il rayonumuzda çəltik əkini ilə məşğul olanların sayı 1345 nəfər olub. Azərbaycan bazarlarında yerini tutmuş, ekoloji cəhətdən təmiz və keyfiyyətli olan, ətirli Astara düyüsünün ixrac potensialı da böyükdür. Aparılan təhlillər göstərir ki, rayonun suvarma şəbəkələrini genişləndirməklə çəltik sahələrini bir neçə dəfə artırmaq mümkündür".
Q.Ağayev əlavə edib ki, hazırda rayonumuzda 8 kiçik çəltik emalı sahəsi fəaliyyət göstərir. Növbəti ildə müasir tələblərə cavab verən və saatda istehsal gücü 5 ton olan yeni çəltik emalı və qablaşdırılması zavodu inşa ediləcək:
"Bu il Astara rayonunda ümumi dəyəri 50 milyon manata yaxın çay, çəltik və sitrus meyvələri tədarük ediləcək. Bu da ölkəmizin ərzaq təhlükəsizliyinə töhfə olmaqla yanaşı, sakinlərimizin maddi rifah halının yaxşılaşmasına səbəb olacaq.
Möhtərəm cənab Prezident, ölkədə aqrar sektorun davamlı inkişaf etdirilməsi üçün verdiyiniz tapşırıqların icrası ilə əlaqədar bütün imkanları səfərbər edərək qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacağıq".
loading...