Bugün:
Altun.az


“Cibimizdən dövlətə qapı düzəldəsi deyilik ki...”- MİNİ REPORTAJ- FOTOLAR

16 noy 2016, 02:08, altun
    [declination=1 559]Oxunub: | [/declination]1 559
“Cibimizdən dövlətə qapı düzəldəsi deyilik ki...”- MİNİ REPORTAJ- FOTOLAR

Bu günki qanunlar böyük ağcaqanadların deşib keçdiyi, kiçiklərin isə ilişib qaldığı bir hörümçək toru kimidir. Balzak əminin vəsf etdiyi bu torla dünya artıq 140 ildir ki, yaşamağa vərdişlidir. Buna görə də, qələmimi nağıllar aləmindən deyil də, reallıq körpüsündən salmağı qərarlaşdırdım. İnkişaf, yüksəliş, inteqrasiya deyib o qədər sürətlə irəlilədik ki, izi silinməyəcək tərlə yolumuzu ləkələdiyimizin fərqinə varmadıq. Bir də ayıldıq ki, dollar yaxamıza dırmaşıb, xəncəri ürəyimizdə gəzdirdiyimiz manatın bağrına sancır. İlk zərbənin təsirindən ayılıb “ay dollar sən nə edirsən? “ deməyə macal tapmadan, qəpiklərimizin xəyanətinə uğradıq. Və hələ də, onlar məzənnədən qəpik-qəpik qaçmağa davam edir. Sizi inandırım ki, bu dəhşətli çöküş ssenarisinə mən bir neçə gün bundan əvvələdək inanmaq istəmirdim. Pessimizmə qapılmamaq üçün özümü inandırmağa çalışdığım ümidlərimi Azərpoçt-un 4 saylı filialının 128 saylı poçt şöbəsi yıxdı desək, daha yerinə düşmüş olardı.

Noyabırın 7-si bazar ertəsi günü mən də hər bir vətəndaş kimi kommunal borclarımı ödəmək üçün adı çəkilən şöbəyə yollanmışdım. Məqsədimsə sadəcə ödəniş edib, evimə qayıtmaq idi. Amma çatdığım ünvanda qapıda yazılmış “Qapı qırılıb. Ehtiyatla açın, üstünüzə düşəcək” sözləri məni bir anlıq poçta daxil olub-olmamaq arasında get-gələ saldı. Amma xəbərdarlıqla seyf qapı arasındakı kəskin kəsişmə özümə güvəni sarsıda bilmədi. Ehtiyatla qapını açıb, poçta daxil oldum. Və müharibədə ümidləri ölmüş özünün isə sağ qaldığı əsgərin coşğun reaksiyası ilə “Qapı bu qədər ağır vəziyyətdədirsə nəyə görə əlac görmürsünüz? Hər gün bura yüzlərlə vətəndaş gəlir axı. Bu qapı birinin üstünə aşsa, kimsə ağırlığından aslı olmayaraq xəsarət alsa nə edəcəksiniz?” kimisindən narahat suallar verdim. Qarşılığında isə “Hamının gözü var, ağlı var, başı var. Yazıb üstünə vurmuşuq. Cibimizdən dövlətə qapı düzəldəsi deyilik ki, müdüriyyətə bildirmişik aradan qaldıracaqlarını deyiblər” sözlərini eşitdim. Budur, artıq ikinci həftəyə yaxındır ki, qırıq qapı və üstündə “qızıl” hərflərlə yazılmış sözlər olduğu yerindəcə qalmaqdadır. Nəyə görə “qızıl” ? Ona görə ki, başımızı aşağı, üzümüzü qara tutan problemi hələ də nə yağış, nə də Azərpoçt MMC aradan qaldıra bilməyib. Necə deyərlər, varı olan taxar, varı olmayan baxar misalı. Onlar taxıb, bizsə hələ ki, baxırıq...

PS: Büdcəsi dövlətdən qidalanan əziz Azərpoçt məsuliyyətli cəmiyyətin idarə heyəti, adınızın önündə qeyd edilən "məhdud" sözü sizi yanıltmasın, xidmətdə təhlükəsizliyin təmin edilməsi məhdudiyyət tanımır.

Altun.az: Azay SÜLEYMANOĞLU
“Cibimizdən dövlətə qapı düzəldəsi deyilik ki...”- MİNİ REPORTAJ- FOTOLAR
“Cibimizdən dövlətə qapı düzəldəsi deyilik ki...”- MİNİ REPORTAJ- FOTOLAR
“Cibimizdən dövlətə qapı düzəldəsi deyilik ki...”- MİNİ REPORTAJ- FOTOLAR
“Cibimizdən dövlətə qapı düzəldəsi deyilik ki...”- MİNİ REPORTAJ- FOTOLAR
“Cibimizdən dövlətə qapı düzəldəsi deyilik ki...”- MİNİ REPORTAJ- FOTOLAR