Bugün:

Ölən modelin anası: "Qızımı əməliyyata gözündə linza, saçında qaynaqla salmışdılar" - FOTO

25 avq 2017, 16:31, altun
    Oxunub: 505
Ölən modelin anası: "Qızımı əməliyyata gözündə linza, saçında qaynaqla salmışdılar" - FOTO

Bu ilin iyulun 26-da "Zəfəran Hospital"da əməliyyat olunduqdan sonra dünyasını dəyişən 22 yaşlı modelin anası femida.az -a müraciət edib.

Altun.az sözügedən sayta istinadən xəbər verir ki, dünyasını dəyişən model Leyla Oruclunun anası Sevinc Oruclunun sözlərinə görə, qızının ölümünə səbəb həkim səhlənkarlığı olub. O, qızını əməliyyata götürən iranlı cərrah Sirus Qoçxaninin köhnə analizlər əsasında onu əməliyyat etdiyini iddia edib:

"Qızım model kimi çalışırdı. Rəfiqələri ona deyiblər ki, səndə artıq piylər var. Bu da onda kompleks yaratmışdı. Qızım bizdən xəbərsiz piylərini götüzdürmək üçün əməliyyata gedib. Sosial şəbəkələrdə özünü anestezoloq kimi təqdim edən Pərvin Əhmədov qızımı Sirus Qoçxaninin yanına aparıb. Bu barədə bizə məlumat da verilməyib. Həkim onu əməliyyata götürən zaman heç bir analiz belə etməyib. Hətta bir aydan çox müddətdə verilmiş qan analizlərinin nəticələrinə uyğun onu əməliyyata götürüb. Halbuki, qan analizlərinin etibarlılıq müddəti 10 -15 gün aralığıdır. Həmin analizlərdə isə qızımın əməliyyata hazır olmadığı və səhhətində problemlərinin olduğu qeyd olunub. Belə olan halda onu necə əməliyyata götürmək olardı ki?"

Sevinc Oruclunun sözlərinə görə, həmin gün qızının evə gec gəldiyini gördükdə ona zəng etməyə başlayıb. Amma telefona cavab verən olmayıb.

" Həmin gün balıq qızartmışdım. Gözləyirdim ki, Leyla gəlib o balıqdan yesin. Dəfələrlə zəng etsəm də, telefonu açmadı. Xeyli müddətdən sonra onu həkimlə tanış edən anestezoloq Pərvin bizə zəng etdi. Telefonda dedi ki, Leyla əməliyyat olunub, vəziyyəti pisdir. Özüm də şoka düşdüm ki, bu qız nədən əməliyyat olunub? Xəstəxanaya çatanda gördüm ki, bədəni göm-göy olub. Onu süni aparata qoşmuşdular. Artıq ölmüşdü. Amma özləri bunu gizlədirdilər."

Sevinc Oruclu daha sonra iddia edib ki, qızını əməliyyat edən həkim Sirus Qoçxani ixtisasca plastik cərrah deyil. O, bir neçə klinikadan yol verdiyi səhvlərə görə uzaqlaşdırılıb.

" Həmin həkim saç əkimi ilə məşğul olub. Daha sonra başqa bir klinikadan yol verdiyi səhvlərə görə qovulub. Saç əkən həkim necə olub ki, plastik cərrah kimi klinikaya götürülüb? Bütün bunlar araşdırılmalıdır."

22 yaşlı modelin anasının sözlərinə görə, qızının əməliyyat zamanı qanı qurtarıb. Hətta klinikanın baş həkimi və bir neçə işçisi də ona qan verib. Buna baxmayaraq Leylanın həyatını xilas etmək mümkün olmayıb.

"Qızımın ölümünə görə cinayət işi açılıb. Hazırda istintaq davam edir. Amma mən aparılan istintaqdan narazıyam. Bunu Nərimanov Rayon Polis İdarəsinin müstəntiqi Təbriz Atakişiyevə də bildirmişəm. Onlar araşdırmalıdırlar ki, bu həkim xəstəni əməliyyata hansı əsaslarla götürüb. Əgər, bu qızda əməliyyat üçün təhlükəli hallar vardısa, niyə əməliyyat olunub? Ən əsası o həkimin plastik cərrah kimi diplomu varmı?"

Xatırladaq ki, Leyla Oruclunun ölümünə səbəb kimi pioemboliya (piy parçasının damarda tıxanıqlıq yaratması) diaqnozu göstərilir.

Sevinc Oruclu bildirib ki, qızını əməliyyata salan zaman adi qaydalara da əməl olunmayıb.

"Leyla əməliyyata girərkən saçlarında və dırnaqlarında qaynaq, gözündə isə linza olub. Xüsusən də gözündə linza olması məni şoka saldı. Bütün bunları özüm Leylanı yumağa aparanda çıxardım. Həkim bütün bunlara diqqət etməli idi. Lakin heç nəyi nəzərə almadan əməliyyata salıb. Hətta ölümündən sonra otaqlarda olan kamera görüntüləri də bizdən gizlədilir. Halbu ki, Leylanı əməliyyat etdikdən sonra qalıq qanları sovurmaq üçün istifadə olunan aparatdan da düzgün istifadə olunmayıb. Bütün faktlara baxmayaraq səhlənkar həkim hələ də azadlıqdadır. Bu isə məni övlad itirmiş ana kimi narahat edir. Onun yanında əməliyyat olunan qız mənə dəhşətli faktları danışdı. Dedi ki, Leyla əzabla ölüb. İstintaq getdiyi üçün çox faktları açıqlamıram."

Femida.az həkimin ixtisaslı olmaması ilə bağlı irəli sürülən iddia ilə bağlı araşdırma aparıb. Zəfəran hospital məlumat bölümündə onu plastik-rekonstruktiv cərrah kimi təqdim etsə də, təhsili, iş təcrübəsi, ixtisası barədə heç bir məlumat verilməyib. Həmin klininikada çalışan digər həkimlərin təhsili,iş təcrübəsi haqqında geniş məlumatlar yer alıb. Təkcə, Siruz Qoçxani haqqında məlumatlar gizlədilib.

Həkimin ünvanına səsləndirilən ittihamlarla bağlı Femida.az Dr Siruz Qoçxaninin də mövqeyini öyrənməyə çalışıb. Cərrahın köməkçisinin sözlərinə görə, əməliyyatdan sonra ölən modelin qohumlarının onlar haqqında səsləndirdikləri fikirlərin heç bir əsası yoxdur.

Ölən modelin anası: "Qızımı əməliyyata gözündə linza, saçında qaynaqla salmışdılar" - FOTO

( Cərrah Sirus Qoçxani)

" Biz ekspertizanın cavablarını gözləyirik. Həmin ailə hər yerdə bir açıqlama verir. Bunların heç biri bizə maraqlı deyil. Artıq bezmişik bu sözlərdən ", deyə köməkçi bildirib.

Bir xəstəni analiz etmədən əməliyyata götürmək nə dərəcədə düzgündür?

Qeyd olunan ittihamlara cavab almaq məqsədi ilə "Zəfəran" Hospitalla əlaqə saxladıq. Ancaq onlar bu haqda açıqlama verməkdən imtina etdilər.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Səfayə Əhmədova məlum hadisə ilə bağlı Prokurorluq tərəfindən araşdırma aparıldığı üçün onlar tərəfindən açıqlama verilməsinə icazə olmadığını bildirdi.
Ölən modelin anası: "Qızımı əməliyyata gözündə linza, saçında qaynaqla salmışdılar" - FOTO
Ölən modelin anası: "Qızımı əməliyyata gözündə linza, saçında qaynaqla salmışdılar" - FOTO
loading...