Bugün:

Bu qadınların xərçəngə tutulma riski azdır

05 okt 2017, 16:20, altun
    Oxunub: 55
Bu qadınların xərçəngə tutulma riski azdır

“Körpəsini 2-3 yaşa qədər əmizdirən qadınlarda klimakterik dövrdən əvvəl yumurtalığın və süd vəzinin xərçəng xəstəliyi riski azalmış olur”.
Altun.az publika.az-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında ana südü ilə qidalandırma həftəsinə həsr olunmuş tədbirdə bildirilib.
Tədbirdə bildirilib ki, ana südü ilə qidalanan uşaqlarda da 4 yaşa qədər kəskin respirator infeksiyalara, diareyaya yoluxma 4 dəfə azalır.
“Bu şüar bütün dünyada var: “Süni qidalanma ölü qidalanmasıdır”. Süni qidaların tərkibini araşdırsaq, görərik ki, bunların uşaqlara verilməsi heç də düzgün deyil. Süni əmziklər də uşaqlara çox zərərlidir. Bu zaman analar çox diqqətli olmalıdırlar. Ana südü ilə qidalanmanın həm ana, həm də uşaq sağlamlığı üçün böyük əhəmiyyəti var. Çünki bu cür uşaqların immuniteti daha möhkəm olur, onlar xəstələnəndə tez sağalır. Belə körpələr arasında ölüm hallarına az təsadüf edilir. Bu eyni zamanda vaxtından qabaq doğulmuş uşaqlarda immuniteti gücləndirmək üçün gözəl vasitədir. Çünki adətən belə körpələr müxtəlif infeksiyalara qarşı daha davamsız olurlar. Müxtəlif immun faktorları ilə zəngin olan ana südü isə bu məsələdə əvəzsiz kömək edə bilər. Bundan əlavə ana südü də sarılıqla mübarizədə böyük kömək edir”.
Bildirilir ki, ana südü ilə qidalanmanın əsas amillərindən biri psixoloji amildir. Belə ki, qadınlar əvvəldən körpəsini ancaq ana südü ilə qidalandırmağa hazır olmalıdır, bu prosesin daha rahat keçməsinə hazırlaşmalıdırlar. Hər ana bilməlidir ki, körpəni altı ayına qədər yalnız ana südü ilə qidalandırmaq lazımdır.
Qeyd edək ki, hər il oktyabr ayının ilk həftəsi Səhiyyə Nazirliyinin və UNICEF-in təşəbbüsü ilə ana südü ilə qidalandırma həftəsi kimi qeyd edilir. Bu münasibətlə Bakıda və regionlarda bir sıra tədbirlər keçirilir. Ölkə üzrə ana ilə qidalandırma 30%-dən təxminən 65%-ə qədər artıb.
loading...