Bugün:

İmtahan verəcək abituriyentlər üçün vacib xəbər - Video

12 may 2018, 22:57, altun
    Oxunub: 206
İmtahan verəcək abituriyentlər üçün vacib xəbər - Video

Sabah 2018/2019-cu tədris ili üçün ölkənin ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər imtahan verəcəklər.
Xəzər TV xəbər verir ki, II və III ixtisas qrupları üzrə keçiriləcək imtahanlarda 36 min 559 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 17 min 253 abituriyent II, 19 min 306 abituriyent isə III qrup üzrə imtahana girəcək.
Respublikanın 11 şəhərində 66 binada imtahan aparılacaq. İmtahanların idarə olunmasına 248 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2856 nəzarətçi-müəllim cəlb olunacaq.
Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə bildirib ki, abituriyentlər mərkəzin internet saytına daxil olaraq, "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər.
Buraxılış vərəqəsi ilə yanaşı, onlara "Yaddaş kitabçası" da təqdim olunur. Abituriyentlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni də özləri ilə gətirməlidirlər. 16 yaşı tamam olmamış abituriyentlər isə təhsil müəssisəsi tərəfindən verilmiş arayışı təqdim etməlidirlər.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. Binaya giriş zamanı üzərində yardımçı vasitələr aşkar olunan abituriyentlər imtahana buraxılmayacaqlar.
Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra Dövlət İmtahan Mərkəzinin internet saytında yerləşdiriləcək.